"Report": Azərbaycanda "tam üzən məzənnə"nin tətbiqinə ehtiyac yoxdur

"Report": Azərbaycanda "tam üzən məzənnə"nin tətbiqinə ehtiyac yoxdur 2,00 AZN/USD məzənnəsi cari iqtisadi konyunkturada məqbul sayıla bilər
Analitika
26 Dekabr , 2016 14:25
Report: Azərbaycanda tam üzən məzənnənin tətbiqinə ehtiyac yoxdur

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hazırlanan Strateji Yol Xəritəsində 2017-ci ildə manatın "tam üzən məzənnə"yə keçirilməsi nəzərdə tutulsa da, buna heç bir ehtiyac yoxdur. "Report"un analitik qrupu hesab edir ki, milli valyutaların devalvasiyası və ya "üzən məzənnə" kimi devalvasiya xarakterli üsullara əl atılmasının səbəbi tədiyyə balansında yaranan təzyiqlərlə bağlıdır. Yəni, ölkəyə daxil olan və ölkədən çıxan valyuta həcmlərinin arasındakı fərqin ikincinin lehinə yaratdığı valyuta qıtlığıdır. Azərbaycanda isə bu qıtlıq artıq iki rübdür ki, aradan qaldırılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi statistikasına əsasən, 2016-cı ilin II rübündə tədiyyə balansı 18 mln. dollar, III rübündə isə 63 mln. dollarlıq profisitlə tamamlanıb. Yəni, ölkənin valyuta ehtiyatları III rübdə 63 mln. dollar artıb.

"Tam üzən məzənnə"yə keçid baş tutarsa, Azərbaycanın idxalı bir qədər də azalacaq və tədiyyə balansının profisiti neftin cari qiyməti sabit qalmaq şərti ilə artmağa davam edəcək. Lakin bu, ölkədə ticarət fəallığının zəifləməsinə, iş adamlarının valyuta məzənnəsi ilə bağlı düzgün proqnoz verə bilməməsi nəticəsində durğunluq mərhələsinə gətirib çıxaracaq. Nəticədə, iş yerlərinin sayı azalacaq, icarə haqları və ticarət obyektlərinin qiyməti aşağı düşəcək.

"Report"un analitikləri hesab edirlər ki, neftin cari qiyməti ilə dolların məzənnəsinin 2,00 AZN/USD səviyyəsi hazırda məqbul sayılır. Bu səviyyədə məzənnəni sabitləşdirməklə iqtisadiyyatın yenidən aktivləşməsinə, yerli valyutada kreditləşmənin bərpasına nail olmaq mümkündür. Neft qiymətlərinin azalması durumunda isə yenidən məzənnənin korreksiyası gündəmə gələ bilər. Belə ki, "tam üzən məzənnə" rejimi tətbiq olunarsa, neftin qiymətinin azalması manatın devalvasiyasını daha da sürətləndirəcək.

Son xəbərlər

Orphus sistemi