"Report": Azərbaycanda dolların 2018-ci ildə bahalaşması gözlənilmir

"Report": Azərbaycanda dolların 2018-ci ildə bahalaşması gözlənilmir Əhalinin real gəlirlərinin aşağı düşməsi idxala tələbi məhdudlaşdıracaq
Analitika
23 Noyabr , 2017 17:28
Report: Azərbaycanda dolların 2018-ci ildə bahalaşması gözlənilmir

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının məzənnəsinin 2018-ci ildə ciddi artım göstərməsi gözlənilmir.

"Report"un analitik qrupu bildirir ki, buna səbəb qlobal valyuta bazarında dolların məzənnəsinin ucuz qalmağa davam etməsi və neft qiymətlərinin nisbətən yüksək səviyyədə qalması ehtimallarının yüksək olması ilə bağlıdır.

Belə ki, 2018-ci ildə dolların əsas valyutalara qarşı məzənnəsinin hazırkı ucuz səviyyədə qalması və neft qiymətlərinin yüksək olması ABŞ-da iqtisadi artımı dəstəkləyəcəyi, nəticədə gələn ilin II rübündən etibarən ABŞ-da inflyasiyanın sürətlənməsinə səbəb olacağı proqnozlaşdırılır. Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmaq proqramına başladığı və bunun üçün tələb olunan bütün tədbirlərin ABŞ tərəfindən həyata keçiriləcəyi gözlənilir. Qeyd edək ki, bir çox hallarda qlobal maliyyə və xammal bazarları iqtisadi əsaslara söykənmədən, böyük investisiya fondlarının istəyi ilə ilə hərəkət edir. Bu fondların əksəriyyəti isə məlum olduğu kimi, ABŞ-da yerləşir.

Analitik qrup 2018-ci ildə əsas valyuta cütlüyü olan USD/EUR-un 1,14-1,21 diapazonunda, neftin isə, əsasən, 55-65 dollar/barel diapazonunda hərəkət edəcəyini ehtimal edir.

"Azərbaycanda dolların bahalaşmamasına həmçinin ölkədaxili amillər də təsir edəcək. Belə ki, 2018-ci ildə dövlət maliyyə intizamının qorunacağı və bankların kreditləşməni kəskin artırmayacağı gözlənilir. Bu da, öz növbəsində, idxal tələbinin artmasının qarşısını alacaq. Həmçinin əhalinin real gəlirlərinin aşağı düşməsi idxala tələbi məhdudlaşdıracaq. Belə ki, gömrük rüsumlarının yeni ildən gözlənilən artımı, kommunal tarifləri və benzinin qiymətindəki artım, maaşların isə nisbətən sabit qalması əhalinin real gəlirlərinin düşməsinə səbəb olacaq", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi