Qərbin qoynuna sığınan Ermənistan regionda təklənir - ŞƏRH

Qərbin qoynuna sığınan Ermənistan regionda təklənir - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd bəyanatlarının ardı-arası kəsilmir. Bir müddət əvvəl Azərbaycanla ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını, regiondakı kommunikasiyaların bərpa ediləcəyini bəyan edən erməni baş nazir bir
Analitika
14 Noyabr , 2023 10:57
Qərbin qoynuna sığınan Ermənistan regionda təklənir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd bəyanatlarının ardı-arası kəsilmir. Bir müddət əvvəl Azərbaycanla ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını, regiondakı kommunikasiyaların bərpa ediləcəyini bəyan edən erməni baş nazir bir neçə gün sonra dediklərinin tam əksinə bəyanat səsləndirərək əsl xislətini ortaya qoyur. Bu bəyanata isə Ermənistanın siyasi rəhbərliyinin digər üzvləri də qoşularaq sanki baş nazirlərinə “züy tuturlar”.

Bununla belə, regionda son günlər baş verənlər İrəvanın Parisin diktəsi ilə imzalanması nəzərdə tutulan sülh müqaviləsini sabotaj etdiyi də ortaya çıxır. Fransa ilə hərbi sahədə əməkdaşlıq imzalandıqdan sonra hakimiyyətin media resursları bu müqaviləni böyük bir nailiyyət kimi təqdim edərək, Rusiyanı gözdən salma kampaniyasına davam edirlər. İş o yerə çatıb ki, Ermənistanda aparılan sorğuların nəticələrinə görə, rəyi soruşulanların 41.1 faizi Fransanı xilaskar kimi qəbul edir. Əvvəllər Ermənistanda təhlükəsizliyin qarantı sayılan Rusiya indi siyahıda beşinci yeri tutur. ABŞ, İran və Hindistan isə siyahıda müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşür. Hakimiyyətyönlü medianın təbliğatı nəticəsində rəyi soruşulanların 10.7 faizi artıq heç kəsə etibar etmədiklərini bildiriblər.

Bu arada, Gürcüstanın Poti limanında Fransadan Ermənistana göndərilən zirehli texnikanın fotoları yayılıb. Fransa Ermənistana iki quru yolu ilə silah keçirə bilər: İran və Gürcüstan. Tehranın heç bir halda bu işə qol qoymayacağı təqdirdə Gürcüstanın bu işə razılıq verəcəyi məlum idi. Amma Tbilisinin İrəvana uzunmüddətli silah daşınmasında maraqlı olmayacağını ehtimal etmək olar. O da Ermənistan kimi Qərbə meyillənmiş ölkədir. Amma unutmaq lazım deyil ki, regionda Gürcüstan Azərbaycanla bir sıra layihələri həyata keçirir. Bu səbəbdən rəsmi Tbilisinin uzunmüddətli perspektivdə Azərbaycanın ciddi narazılığına səbəb olacaq addım atacağı gözlənilmir. Azərbaycanla Gürcüstan münasibətləri kifayət qədər yüksək səviyyədədir və Prezident İlham Əliyev Tbilisi ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, Bakı və Tbilisi hərbi təlim keçirmək, hərbi sahədə təhsil almaq, sülhməramlı və humanitar əməliyyatlar yerinə yetirmək barədə bir-birinə yardım edəcək. Bütövlükdə, sənəd iki ölkə arasında daha sıx qarşılıqlı fəaliyyət əsasında regional təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır. Bu sadalananlardan əlavə, Azərbaycanın Gürcüstan vasitəsilə həyata keçirdiyi iri layihələri də nəzərə almaq lazımdır. Hər halda rəsmi Tbilisi erməni qonşuya görə bu layihələrdə iştirakını kölgə altına salmaq, Azərbaycan kimi tərəfdaşı itirmək istəməz. Azərbaycanın Gürcüstana dəfələrlə əl uzatdığı barədə kifayət qədər faktlar var.

Ermənistan regiona xarici qüvvələri gətirməkdə maraqlıdır. Azərbaycan tərəfinin əks-həmlələri bu istəyin mənasız və region üçün əhəmiyyətsiz olduğunu bir daha ortaya qoyur. Rəsmi Bakı atdığı addımlarla bir sıra layihələrdə sırf region ölkələrinin iştirakını qarşısına məqsəd qoyur. Bu sıraya istər "3+3" formatını, istərsə də digər layihələri əlavə etmək olar. Rəsmi Bakının hədəflərindən biri regiondankənar ölkələrin regionda baş verən proseslərdə iştirakının və müdaxiləsinin qarşısını almaqdır. Ermənistan isə əksinə, daha çox regionla heç bir sərhədi olmayan, sırf ekspansionist və müstəmləkə siyasəti güdən ölkələri Cənubi Qafqaza dəvət etməkdə maraqlıdır.

Paşinyan hakimiyyəti Qərbi Ermənistana gətirir. Bu isə regionun iki nəhəngi - İran və Rusiyanın bütün maraqlarına ziddir. Hələ bir müddət əvvəl Ermənistana Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasını dəvət edən Nikol Paşinyan bununla da Rusiya ilə bütün iplərini qoparacağının siqnalını vermişdi. Bu gün isə Aİ missiyasının tərkibinin genişləndirilməsindən söhbət gedir. Maraqlıdır ki, bu missiyanın rəhbəri Almaniyanın keçmiş xarici kəşfiyyat zabiti, müavini isə Fransanın xarici kəşfiyyat xidmətinin əməkdaşıdır. Elə bu iki şəxsin Ermənistanda hansı məqsədlə “müşahidə” apardıqları gün kimi aydındır. Cənubi Qafqazda ABŞ-nin Rusiya və İran, Qərbin Rusiya ilə rəqabətinin gücləndiyini nəzərə alsaq, sözügedən şəxslərin İran və Rusiya əleyhinə kəşfiyyat materialları topladıqları anlaşılar. Sirr deyil ki, ABŞ və Qərb, xüsusən də Fransa Ermənistan vasitəsilə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır. Rəsmi İrəvan isə Rusiyaya qarşı bütün sifarişləri dərhal yerinə yetirməyə çalışır. Təsadüfi deyil ki, Ermənistanda rusofobiyanın güclənməsi, Rusiya telekanallarının yayımının dayandırılması, fransızdilli məktəblərin sayının artması da bu siyasətin qollarından biridir. Qeyd etmək yerinə düşər ki, İrəvanın Rusiyaya qarşı xəyanət siyasəti Ermənistanın ictimai rəyində açıq şəkildə etiraf edilir.

Artıq Ermənistanın KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çıxması zaman məsələsidir. Çünki praktiki olaraq Ermənistan bu qurumdan çoxdan çıxıb və bu hərbi-siyasi ittifaqda rəsmi nümayəndə ilə təmsil olunmur. Paşinyan hökuməti hər nə qədər rəsmi dildə belə bir fikrin olmadığını desə də, artıq siyasi kulislərdə bu planın yaxın vaxtlarda icra olunacağı müzakirə edilir. Qeyd etmək yerinə düşər ki, Ermənistan birtərəfli qaydada Rusiya və KTMT üzv ölkələrlə münasibətini də dondurmağa doğru gedir. Hər nə qədər rəsmi kulislərdə Aİ ölkələri, KTMT ölkələri ilə iqtisadi və siyasi münasibətlərin inkişafından danışılsa da, əslində, olan bu münasibətlərin günü-gündən zəifləməsidir. Ermənistan həm siyasi, həm də iqtisadi baxımdan konkret olaraq Aİ ilə əməkdaşlığa çox həvəslidir.

Təbii ki, Kreml baş verən prosesləri izləyir və bunlar barədə kifayət qədər xəbərdardır. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiyanın XİN başçısı Sergey Lavrov “Amerika və Qərb hazırda Kremlin təsir mexanizmlərini Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxarmaq üçün əlindən gələni edir. Lakin hesab etmirlər ki, Rusiyanı bu ərazilərdən çıxarmaq üçün kifayət qədər güc və imkanları yoxdur. Ona görə də Qərb nə edirsə etsin, heç vaxt öz məqsədlərinə nail ola bilmir” bəyanatını səsləndirib. Lavrovun bəyanatı həm Qərbə, həm də Ermənistana ünvanlanıb. Rusiyalı diplomat üstüörtülü şəkildə bildirir ki, Kremlin bütün planlardan xəbəri var və bu planları dəf etmək üçün bir çox alətlərə sahibdir. Məsələn, Ermənistan iqtisadiyyatının şah damarının Rusiyanın əlində cəmləşdiyini düşünsək, bu ölkənin hansı fəlakətlə üzləşə biləcəyini təsəvvür etmək elə də çətin deyil. Məsələn, təkcə 2015-ci ildə Ermənistanda elektrik enerjisi tariflərinin 4 dram artırılması İrəvanda ciddi etirazlara səbəb olmuşdu. Buna görə də Lavrovun açıqlaması Rusiyanı regiondan sıxışdırmaq üçün oyuna qoşulan Ermənistana ciddi xəbərdarlıq da sayıla bilər. Çünki bu günə qədər Rusiya forpostunu hələ ciddi şəkildə cəzalandırmayıb.

Lavrovdan sonra isə Kremlin mətbuat katibi Dmitri Peskov da oxşar bəyanat səsləndirib. Onun sözlərinə görə, Qərb bəzi ölkələrlə öz maraqları üçün dostluq edir və onlardan istifadə edərək Rusiyanı müəyyən regionlardan sıxışdırmağa çalışırlar. Rusiyalı diplomatın da bəyanatının əsas hədəfi Ermənistana mesaj ötürərək, istifadə olunan alət olduğunu xatırlatmaqdır. Diplomatik dillə bu oyuna alət olmamağa çağırışla yanaşı, Peskov bu siyasətin perspektivli olmadığını da qeyd etməyi unutmayıb.

Baş verənlərə Moskva hələ də təmkin nümayiş etdirir. Ermənistan tərəfi isə tam sürətlə Rusiya əleyhinə kampaniyasına davam edir. Məsələn, erməni mətbuatı yazır ki, İrəvan artıq Rusiyadan qorxmur və Kremlin bundan sonra onları cəzalandırmayacağına əmindir. Elə bu xəbərlərə əlavə olaraq qeyd etmək yerinə düşər ki, baş nazir Nikol Paşinyan oktyabr ayında partiyadaşları ilə gizli görüş keçirib və “Qərbə üz tutmaq” adlı mərhələli planını açıqlayıb. O qeyd edib ki, Rusiya ilə əməkdaşlıq nə indi, nə də gələcəkdə Ermənistana heç bir fayda gətirməyəcək. Eyni zamanda, MDB və KTMT çərçivəsində keçirilən tədbirlərdə bundan sonra da iştirak etməyəcəyini dilə gətirib.

Qərbin şirin vədlərinə aldanan Paşinyanın fikrinə görə, Aİ və ABŞ-nin təklif etdiyi yeni imkanlar yaxın vaxtlarda tam üzə çıxacaq. Rusiyanın uzun müddətdir Ukrayna ilə müharibə aparmasından ruhlanan Paşinyan düşünür ki, Moskva kifayət qədər zəifləyib və Ermənistanı cəzalandırmayacaq.

Göründüyü kimi, Paşinyan hökuməti Rusiyaya qarşı xəyanətinə görə cəzasız qalacağına əmindir. Bu səbəbdən də İrəvan Kremlin reaksiyasını yox, yeni beynəlxalq havadarlar tapmağı düşünür.

Təbii ki, Ermənistanın yuxarıda sadalanan addımları rəsmi Tehranı da narahat etməyə başlayıb. Son günlər Azərbaycanla İran arasında münasibətlərin istiləşməsi, Tehran rəsmilərinin dilindən Azərbaycanın ərazi bütövlüyü barədə səsləndirilən bəyanatlar da bunu sübut edir. İranın Ermənistandakı səfirinin təxribatyönlü açıqlamasını nəzərə almasaq, Tehran tərəfini seçib deyə bilərik. 13 oktyabr tarixində Prezident İlham Əliyevin Astanada İran Prezidenti İbrahim Rəisi ilə görüşü iki ölkə arasında münasibətlərin dinamik inkişaf tempi izlədiyini sübut edir. İranın dövlət başçısı bildirib ki, Azərbaycan İranın qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaşdır. İranla Azərbaycan arasında Ağbənddə körpünün təməlinin atılması, dəmiryolunun çəkilməsi barədə razılığın əldə edilməsi də münasibətlərin inkişafını bir daha sübut edir.

Təsadüfi deyil ki, elə bu gün İranın Xudafərin və Kəlibər mahalı üzrə parlamentdəki nümayəndəsi Hüseyn Hatəmi Xudafərin sərhəd-keçid məntəqəsinin tezliklə qurulacağını və qonşu ölkələrin də bu dəhlizdən müəyyən mənada faydalanacağını bəyan edib. İran rəsmisi qeyd edib ki, bu dəhliz uzun bir tarixə malikdir. Xəzər dənizi ilə Türkiyə, Şərqi və Qərbi Azərbaycan arasında tranzit marşrutudur.

Göründüyü kimi, artıq rəsmi Tehran da İrəvanın niyyətini tam dərk edib. Qərbin, xüsusən də əzəli düşməni ABŞ-nin regionda mövcudluğunu artırması İslam Respublikasında xoş qarşılanmır. Aİ müşahidəçilərinin sərhəddə patrul xidməti adı altında kəşfiyyat materialları toplaması İranda çoxdan bilinir. Təsadüfi deyil ki, İran rəsmiləri dəfələrlə regionda xarici qüvvələrin mövcudluğunu qəbuledilməz adlandırıblar. Bu isə Ermənistana ötürülən mesaj sayılır. Amma İrəvan bu açıqlamanı qulaqardına vurmaqla yanaşı, Aİ müşahidəçi sayını artırmaq qərarına gəlib. Fransadan silah alımı da rəsmi Tehran tərəfindən xoş qarşılanmır. İran region ölkələrinə silah satışında çox maraqlıdır və bazarda yeni rəqibin olmasını qəbul etməyəcək. Hələlik rəsmilər açıq-aşkar narazılıqlarını bildirməsələr də, rəsmi Tehran dəfələrlə regionda, xüsusən də sərhədində xarici qüvvələrin mövcudluğunu qəbul etmədiyini bildirib.

Ermənistan Qərbə yaxınlaşmaqla həm Rusiyanı, həm də İranı özündən küsdürməkdə israrlıdır. Regionun nəhəng dövlətləri ilə münasibətləri pisləşdirmək İrəvana hansı faydaları təmin edəcək? Rusiya və İranın sərt cəza tədbirləri nə olacaq? Bunu zaman göstərəcək.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi