Bakı. 7 fevral. REPORT.AZ/ Qərbdə qəbul olunmuş terminlə desək, Donald Tramp ABŞ-ın təəccübləndirici və bir sıra hallarda isə təəssüfləndirici layihəsi təsiri bağışlayır.
O, artıq 19 gündür dünyanın super gücünün birinci şəxsidir. Prezident olması ilə çoxsaylı gözlənti və ehtimalları alt-üst etdiyi kimi, verdiyi qərarlarla da müəyyən mənada çaşqınlıq yaradır.
Bu səbəbdən onun bu postdan vaxtından qabaq gedəcəyini deyənlərlə bir çox hallarda razılaşmaq olar.
Son bəyanat və reaksiyalar Trampın fəaliyyətinin BMT, NATO və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumları da narahat etdiyini göstərir.
Yazılı olmasa da, adətən, prezidentlərin fəaliyyətinin 100 gününün yekunlarına dair müəyyən təhlillər aparılır. Baş verənlər 19 günün prezidentinin fəaliyyəti haqqında bəzi dəyərləndirmələr aparmağı da zəruri edir.
Donald Tramp
Ağ evin indiki yiyəsinin ən hay-küylü fərmanı 7 ölkə vətəndaşının 90 gün müddətinə ABŞ-a səfərinin qadağan edilməsidir. Tramp prezidentliyinin ilk həftəsi tamam olan gün, yəni yanvarın 27-də imzaladığı həmin fərmana əsasən, İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviya vətəndaşları 90 günlüyə ABŞ-a səfər edə bilməyəcək.
Qeyd edək ki, D.Tramp prezidentliyə namizəd olmaq istəyərkən çıxışlarında müsəlmanların ölkəsinə gəlməsinə qarşı kampaniya aparır, o vaxtkı prezident Barak Obamanı bu yöndə addım atmağa çağırırdı.
ABŞ-da prezidentin viza ilə bağlı fərmanına etiraz olaraq aksiyaları keçirilib, hətta Vaşinqton ştatının Sietl şəhərinin hakimi Ceyms Robart viza qadağasının dayandırılması haqqında qərar verib.
D.Tramp hakimin qərarına etiraz edəcəyini bildirib: “Bu hakim adlandırılan şəxsin mahiyyət etibarilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”.
Bu baxımdan onun 90 günlük məlum viza qadağasını da vədinin yerinə yetirilməsi kimi qəbul etmək olar. Tramp bununla ola bilsin, seçicilərinə verdiyi vədə əməl etdiyini göstərməklə nüfuzunu artırmaq istəyir.
Başqa bir xəbərdə isə bildirilib ki, ABŞ prezidenti Londona səfəri zamanı ölkə parlamentində çıxış edərsə, britaniyalı deputatlar həmin toplantıya qatılmayacaq və Trapmı boykot edəcəklər.
ABŞ-la yanaşı, Britaniyanın paytaxtı Londonda da yeni prezidentin yürütdüyü siyasətin əleyhinə yürüş keçirilib.
Şəhərin minlərlə sakini Ağ evin indiki yiyəsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Aksiya ABŞ-ın Britaniya paytaxtındakı səfirliyinin binası yaxınlığında başlayıb. Onlar əllərində üzərinə "Trampa yox, müharibəyə yox!", "Trampa yox, rasizmə yox!" şüarları yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları həmçinin ABŞ prezidentinin Britaniyaya səfərinə də etirazlarını bildiriblər.
ABŞ-la Meksika arasındakı sərhəddə tikiləcək divarın maliyyələşdirilməsinə apreldə başlanılması planlaşdırılır.
Bunu ABŞ prezidenti D.Trampın keçid komandası Respublikaçılar Partiyasının qurultayında bildirmişdi. Bu qarşı tərəfdə geniş əks reaksiyaya səbəb olub.
O, ABŞ-ın yaxın tarixni də tənqid etməyə başlayıb.
Məsələn, Tramp bildirib: "Amerika hakimiyyəti səhvlərə yol verib, bunun nəticəsində insanlar ölüb. Gəlin, baxaq görək biz nə etmişik. Biz çox səhvlərə yol vermişik. Mən ən əvvəldən İraqdakı müharibənin əleyhinə çıxış etmişəm".
Bunu və bu sayaq başqa çıxışları Trampın özündən əvvəlki ABŞ prezidentlərinin bölgədə törətdiyi bir sıra hadisələri ört-basdır etmək cəhdi kimi də qiymətləndirmək olar.
Avropa İttifaqı ABŞ-ın indiki dövlət başçısından narahat görünür.
Donald Tusk
Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, D.Tramp Avropa üçün formalaşmaqda olan təhlükədir. Onun sözlərinə görə, Vaşinqtondakı dəyişiklik Avropa İttifaqını çətin vəziyyətə salır.
O, quruma üzv 27 ölkəyə Trampla bağlı xəbərdarlıq məktubu göndərib.
D.Tusk Avropa İttifaqını təhdid edənlərin sırasına ABŞ prezidenti D.Trampı, Rusiya, Çin hakimiyyətlərini və radikal qruplaşmaları aid edib.
Şura sədri Çinin iddialı və Rusiyanın həmləedici siyasətinin, Orta Şərqdəki terrorun, anarxiyanın və ABŞ-ın yeni hakimiyyətinin Avropanın gələcəyi üçün təhlükə yaradacağını vurğulayıb: “Vaşinqtondakı dəyişiklik Avropa İttifaqını çətin vəziyyətə salır. Yeni hakimiyyət özünü ABŞ-ın son 70 illik xarici siyasətini sorğulayırmış kimi aparır”.
Onun sözlərinə görə, Avropa İttifaqının dağılması üzv dövlətlərin geri dönərək, müstəqillik qazanmasına yol açmayacaq: “Əksinə, bu ittifaq ölkələrinin ABŞ, Rusiya və Çin kimi böyük güclərdən asılı vəziyyətə düşəcəyi deməkdir. Sadəcə bir yerdə olsaq, tam müstəqil olarıq”.
Qeyd edək ki, o, bu məktubu fevralın 3-də Maltada Avropa İttifaqına üzv dövlətlərin sammitindən əvvəl göndərib.
Ziqmar Qabriel
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel də sərt danışıb: “Biz Rusiya ilə ABŞ-ın anlaşacağına ümid etməliyik. Ancaq bu, Avropa və ya Ukraynaya ziyan vurmamalıdır”.
Avropanın Vaşinqtona yönəlik siyasətindən danışan nazir deyib: “Avropa özünü “boa ilanının qarşısında oturan dovşan” kimi aparmamalıdır”.
Avropalı diplomatların çıxışındakı narazılıq və narahatlıq tam mənada sezilir. Çünki Avropa İttifaqı ilə ABŞ ən etibarlı tərəfdaş sayılır. Ancaq Tramp administrasiyasının Rusiya və Yaxın Şərqə münasibəti onların ortaqlığına müəyyən kölgə salır. Başqa sözlə, Avropa ABŞ-la ortaq dəyərləri ucbatından qonşuluğundakı Rusiya ilə problemlər yaşaya bilər. Eləcə də bunu İraqa da şamil etmək mümkündür.
Əvvəlki dövlət başçıları kimi D.Trampın fəaliyyəti sosioloq və KİV tərəfindən diqqətlə izlənilir. CNN telekanalının ORC Araşdırma Xidməti ilə birlikdə apardığı ümummilli sorğunun nəticəsinə əsasən, rəyi soruşulan ABŞ vətəndaşlarının təxminən 53 faizi prezident olduqdan sonra Trampın atdığı addımları dəstəkləmir.
Məlumata görə, respondentlərin yalnız 44 faizi D.Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir.
Çıxışları, “Twitter” səhifəsindəki açıqlamaları və fərmanlarından belə görünür ki, Trampın 4 illik prezidentlik dövrü daha hay-küylü keçəcək. Başqa sözlə, daha çox şouya oxşayacaq. Belə ehtimal etmək olar ki, Tramp və onunla bağlı layihənin müəllifləri yeni məsələlər üzərində ekperiment hazırlayırlar. Öz ideyalarını sınaqdan keçirmək üçün isə ABŞ-ın 45-ci prezidenti çox münasib görünür. Elə ona görə də Tramp fəaliyyətə başladığı ilk gündən atdığı addımlar daha çox etirazla müşahidə edilir. Hər halda, dünyanın aparıcı dövlətində D.Trampın adı ilə eksperiment keçirilməsi ehtimalı düz olarsa, o zaman təbii olaraq belə bir sual meydana çıxır: 2021-ci ilədək dünyamızı nələr gözləyəcəyini proqnozlaşdırmaq mümkün olacaqmı?