Neft bazarı son 10 gündə “qara qızıl” ehtiyatlarının gah azalması, gah da artması ilə əlaqəli məlumatlarla ciddi şəkildə həyəcanlandırır. Aydındır ki, bu cür statistik məlumatlar və xüsusən də ona verilən şərhlər əsasən bazar qiymətlərinə təsir göstərmək məqsədi ilə vaxtaşırı gündəmə gətirilir və ümumilikdə qısamüddətli effektə malikdir. Bu dəfə stavka qiymət artımından yana edildi və gözlənilən reaksiya, şübhəsiz ki, Azərbaycan da daxil olmaqla, neft istehsal edən dövlətlərin xeyrinə oldu.
Daha az ehtiyat - daha yüksək qiymət
Məlum olduğu kimi, “Bloomberg” keçən həftə koronavirus pandemiyası səbəbindən meydana gələn böhran zamanı yaranmış misli görünməmiş neft ehtiyatlarının demək olar bitdiyini xəbərini yaydı. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinad edərək bildirildi ki, fevral ayında saxlanclarda yığılmış yanacaq həcminin beşdə birindən az hissəsi qalıb, mart və aprel ayının əvvəllərində isə bu həcm daha da azalıb. IEA-nın qitmətləndirməsinə görə, 2020-ci ilin iyul ayında - ehtiyatların saxlanclarda toplanmasının pik dövründə dünya saxlancda olan ehtiyatların həcmi 2015-2019-cu illər üzrə orta göstəricidən 249 milyon barel çox idi, 2021-ci ilin fevralında isə bu izafi həcm 57 milyon barelə düşdü.
“Pandemiya zamanı yığılan dünya ehtiyatlarının qalıqları indi demək olar tamamilə daim neft ehtiyatı yaradan Çində cəmlənib”, - təbii resurslar bazarının araşdırma rəhbəri Ed Morze bildirib. ABŞ-da da anbarlardakı ehtiyatlar demək olar bitib: ümumi neft və neft məhsulları ehtiyatları 1,28 milyard barelə düşüb.
“Citigroup” tələbat bərpa edildikcə neft ehtiyatlarının 2021-ci ilin ikinci yarısında gündəlik 2,2 milyon barel azalmağa davam edəcəyini, bununla da “Brent” markalı neftin qiymətinin bir barel üçün 74 ABŞ dollarına və ya daha yüksək qiymətə yüksələ biləcəyini proqnozlaşdırır.
Bununla belə, bu xəbərlər və eyni zamanda Çin və ABŞ iqtisadiyyatının pandemiya sonrası bərpa olunmağa başladığını göstərən statistik məlumatlar artıq bazara müsbət təsir edib. Neft qiymətləri tərəddüd eləməyə davam etsə də, bir barel üçün 66-67 ABŞ dolları civarında sabitdir və hətta bir neçə gün əvvəl 68 ABŞ dollarına çatmağı bacarıb.
Əsas amil pandemiyadır
Qeyd etmək lazımdır ki, ümumilikdə ekspertlər yaxın gələcəklə bağlı bazar haqqında müsbət fikirdədirlər - pandemiya dünyanın əksər ölkələrində bezdirməyə davam etsə də, bu gün hökumətlər iqtisadiyyatları əvvəlki səviyyələrinə qaytarmaq üçün tədbirlərə diqqət yetirməyi üstün tuturlar. Belə ki, artıq bildirildiyi kimi, Çinin Dövlət Statistika İdarəsinin məlumatları 2021-ci ilin birinci rübündə Çin ÜDM-inin rekord templə - ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% artdığını göstərir.
ABŞ-a gəlincə, okeanın o tayında işsizlik müavinətləri almaq üçün yeni müraciətlərin sayı pandemiya başlayandan bəri ən aşağı səviyyəyə düşüb, mart ayında pərakəndə satış artım tempi keçən ilin may ayından bəri ən yüksək olub və proqnozları xeyli dərəcədə üstələyib.
“ABŞ və Çindən gələn son iqtisadi məlumatlar qlobal iqtisadiyyatın bərpa templərinin sürətləndiyini və postkovid dövrünə doğru əhəmiyyətli irəliləyiş olduğunu göstərir ki, bu da neft “öküzlər”inin “Brent” markalı neftin qiymətlərinin 70 dollar/barelə yüksələcəyinə ümidlərini gücləndirir”, - “S&P Global Platts” FXTM analitiki Han Tandan sitat gətirib.
Eyni zamanda, pandemiyanı artıq hesabdan silmək hələ çox tezdir və o, demək olar hər gün özünü neft bazarında hiss etdirir. Belə ki, investorlar bir sıra Asiya ölkələrində, o cümlədən Hindistan və Yaponiyada koronavirusa yoluxma hallarının yenidən artmağa başlamasından narahatdırlar.
“Neftə qlobal tələbatın bərpası bərabərsəviyyəli olmayacaq və ara-sıra bu cür yavaşladıcı amilləri görəcəyik. Bununla belə, böyük regionlarda neftə tələb artmaqda davam edir", - “Australia & New Zealand Banking”in xammal sektoru üzrə analitiki Deniel Hayns söyləyib.
Nə qədər yüksək olsa, bir o qədər yaxşıdır
Bu arada, IEA bütün bu tərəddüdləri nəzərə alaraq yenə də bu il neftə olan tələbatın gündəlik 96,7 milyon barelə çatacağı proqnozuna meyl edir ki, bu da 2020-ci ildəkindən 5,7 milyon barel/gün çoxdur.
Burada xatırladaq ki, bu proqnozlara baxmayaraq, OPEC+ ölkələri aprel ayının əvvəlində bərpa olunmaqda olan qlobal iqtisadiyyata daha çox xam neft tədarük etmək üçün həm daxili, həm də xarici təzyiqlərə cavab olaraq may ayından iyul ayına qədər neft hasilatının tədricən artması barədə razılığa gəliblər. Qeyd edək ki, Azərbaycan da 2021-ci ilin may-iyul aylarında neft hasilatını gündəlik 25 min barel artıracaq.
Bundan irəli gələrək bir çox təşkilat bazarda qiymətlərin əhəmiyyətli dərəcədə artması perspektivləri barədə hələ də ehtiyatlı davranırlar. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) neft qiymətlərinin orta hesabla bir barel üçün 58,5 ABŞ dolları civarında müyyənləşəcəyini hesab edir. Bu, bir çox digər qlobal təşkilatların proqnozlaşdırdığından azdır, lakin elə BVF-nin özünün bu ilin yanvar ayındakı proqnozundan 8,5 ABŞ dolları çoxdur.
Bu arada, Azərbaycan üçün neftin bahalaşmasına dair istənilən proqnoz iqtisadi sabitlik baxımından vacibdir. Azərbaycan Mərkəzi Bankının bu yaxınlardakı açıqlamasında bildirildiyi kimi, dünya bazarında neft qiymətlərindəki artım tendensiyası tədiyyə balansına müsbət təsir göstərir və ölkənin valyuta bazarındakı balansı qoruyur. “Aparıcı analitik mərkəzlər son hesabatlarında cari il üçün neft istehlakı və qiymətləri ilə bağlı proqnozlarını bir qədər artırıb”, - AMB-dən bildiriblər.
Bir sözlə, hələlik neft bazarındakı vəziyyət xüsusi narahatlıq yaratmır. “Bloomberg”in məlumatına görə, aprelin 28-nə alyansın Monitorinq Komitəsinin iclası təyin olunsa da, bu, heç bir qlobal qərarla bağlı deyil və neft hasilatının planlaşdırılan artımı ilə bağlı dəyişiklik gözlənilmir. Odur ki, hələ ki müsbət proqnozlara inanmaq olar.
Qulu Nuriyev - ekspert