Polis obrazı necə formalaşır? - MƏQALƏ

Polis obrazı necə formalaşır? - MƏQALƏ Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Polis obrazı necə formalaşır? adlı məqalə yazıb.
Analitika
17 Yanvar , 2020 17:23
Polis obrazı necə formalaşır? - MƏQALƏ

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Polis obrazı necə formalaşır?" adlı məqalə yazıb.

"Report" həmin məqaləni təqdim edir:

Polis kimdir? Kim polisi necə görür? Birmənalı cavab yoxdur. Ancaq bayır xidmətində çalışan əməkdaşlarımız polis haqqında öz fəaliyyətləri ilə fikir-obraz formalaşdırır. Daha çox bayır xidmətində çalışan əməkdaşlar bu mənada daha çox diqqət çəkir. Bu fəaliyyət növü insanların həyat və sağlamlığının, mühafizəsinin yaxşılaşdırılmasına, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına yönəlib. İndiki dövrdə polis əməkdaşının məsuliyyəti əvvəlki dövrlərdən fərqlidir. Çünki informasiya, sosial şəbəkələr, cinayətkarlığın yeni forma və məzmununun dəyişməsi polisi dövrün çağırış və təhdidlərinə həssas yanaşmağa istiqamətləndirir.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsi heyət qarşısında çıxışlarında, nitqlərində bildirir ki, polis əməkdaşları üzərlərində işləyərək bilik və təcrübələrini artırmalı, ən müasir informasiya texnologiyalarına yiyələnməli, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalıdır. Və qəti olaraq vurğulayır ki, polis əməkdaşı vətəndaşlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkin nümayiş etdirməli, ədalətli, obyektiv və dürüst olmalı, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalıdır.

Deyilənlər o həqiqətin göstəricisidir ki, polisin mənəvi keyfiyyətlərinin yüksəlməsi rəhbər tələbidir. Yerlərdə müasir çağırışlar kontekstində baxsaq, cinayətkarlğın profilaktikası, baş vermiş cinayətlərin açılması, ictimai asayişin təmin edilməsində bayır xidməti əməkdaşlarının fəaliyyəti, xüsusilə polis sahə inspektorlarının, post patrul xidməti və yol polisinin işinin daha da təkmiləşdirilməsi diqqət mərkəzindədir.

Təcrübə, xarici ölkələrin praktikasının öyrənilməsi göstərir ki, polisin vəzifəsinin öhdəsindən uğurla gəlməsinin əsas şərtlərindən biri inzibati ərazidə sakinlərlə etimadlı münasibətlərin formalaşmasıdır. Bəs bu münasibət necə formalaşa bilər? Vətəndaşların müraciətlərinə həssaslıq, ünsiyyətdə və rəftarda yüksək mədəniyyət, təmkin olmalıdır.

Təyin olunan inzibatı sahədə xidmət edən əməkdaş dövlət təmsilçisi olmaqla sakinlərin etibar etdiyi, arxalandığı ünvandır. Təsadüfi deyil. Səbəblər var. Azərbaycanda polis orqanının vətəndaşa yaxınlığı üç telefon düyməsindən asılıdırsa, çağırış dərhal vətəndaşın ən yaxınında olan polis əməkdaşına yönəldilir. Və hamıya məlumdur ki, çağırışın nəticəsi mütləq yoxlanılır. Ona görə də polisin operativliyi o qədər yüksək təşkil olunub ki, çağırış saatlar yox, bir rəqəmli dəqiqələr ərzində yerinə yetirilir, yaxud yetirilməlidir.

Sakinlərlə əlaqələr elə qurulmalıdır ki, polisi hər kəs onu güvənəcəyi ünvan hesab etməli və açıq ünsiyyətə maraq göstərməlidir. Buna nail olmaq üçün polis müraciət edənləri diqqətlə dinləməli, hər biri ilə təkrar əlaqə saxlamalı, hətta onun vəzifə səlahiyyətlərindən kənar müraciətlərə biganə qalmamalıdır, müşahidə etdiyi problemlərin, çətinliklərin həlli üçün öz səlahiyyətləri həddinə yardımçı olmalıdır.

Polis mayoru Elşad Hacıyev

Son xəbərlər

Orphus sistemi