Ermənistan hökuməti üçün bu il qalmaqallarla başlayıb. Yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. V.Kerobyan müavinini müdafiə etmiş, bu məsələdə anlaşılmazlığın olduğunu bildirmişdi.
Elə həmin günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunmuşdu. Onun tutulması da İqtisadiyyat Nazirliyi ilə bağlı olmuşdu. Məlumata görə, A.Gevorkyan Ermənistanda tanınmış “Sinergiya” informasiya texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə də müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə A.Gevorkyanın üzərinə qoyulub.
“Synergy International Systems” şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub.
Fevralda ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan “Sinergiya” şirkətinin işi üzrə İstintaq Komitəsinə çağırılıb və ayın 14-də istefaya göndərilib.
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan barəsində iki aylıq ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Sonradan bu müddət daha dörd ay uzadılıb. Keçmiş nazirə qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb.
Oktyabrın 1-də ədliyyə naziri Qriqor Minasyan istefa verib. Bundan əvvəl nazirin istefası ilə bağlı hakim “Mülki müqavilə” fraksiyasının üzvləri baş nazir Nikol Paşinyana müraciət etmək üçün imza toplanmağa başlamışdı.
O, istefa verərkən bildirmişdi ki, parlament idarəetmə sistemi şəraitində hətta bir deputatla problem yaşanarkən nazir vəzifəsini tutmaq çətindir. Ona qarşı isə 20-dən çox deputat çıxış etmişdi.
Qriqor Minasyanın yerinə Srbui Qalyan təyin olunub. O, ədliyyə nazirinin müavini, qanunsuz əmlakın müsadirə olunması məsələri üzrə baş prokurorun müavini işləyib.
Noyabrın 17-də baş nazir məhkəmə və hüquq mühafizə sistemində “təmizlik” aparıb. O, iki naziri və dörd yüksək rütbəli məmuru tutduqları vəzifədən azad edib. İstefaya ilk göndərilən Antikorrupsiya komitəsinin başçısı Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan olub.
Onların ardınca infrastruktur və ərazi idarəetmə naziri Qnel Sanosyan, İstintaq komitəsinin başçısı Arqişti Kərəmyan, daxili işlər naziri Vaqe Kazaryan, habelə dövlət gəliri komitəsinin rəisi Rüstəm Badasyan istefa verib.
Onların hamısının istefası qəbul olunub.
Hökumət üzvlərinin atdıqları addımların səbəbi açıqlanmır.
Karen Andreasyan istefasının səbəbi ilə bağlı təfərrüatlı şərh etməkdən imtina edərək spekulyasiyaya səbəb olmaq istəmədiyini vurğulayıb: “Hər şey göz qabağındadır, mən çoxlu şərhlərdən və yanlış fərziyyələrdən qaçmaq üçün əsas səbəblər haqqında danışmaq istəmirəm”.
Bununla belə, o, məhkəmə sistemini böhrandan çıxara bildiyini, “çox biabırçı” olduğunu bildirib. Andreasyanın sözlərinə görə, məhkəmə sistemindəki bir çox problemlər uzunmüddətli xarakter daşıyır: “İki ildə cəmiyyətin gözləntiləri doğrulmayacaq dərəcədə böyük olub. Mən ədalətsiz gözləntilərlə güzəştə getmək istəmədim”.
Hökumət başçısı Nikol Paşinyan sosial şəbəkədə məmurların istefasına münasibət bildirərək yazıb: “Bir sıra yüksək vəzifəli məmurdan istefa vermələrini xahiş etdim. Bu xahişin səbəbləri şəxsi deyil, sistemlidir”. O, istefa verənlərin hər birinə təşəkkürünü də bildirib.
Bəs hökumətdə xəzana səbəb nədir? Ermənistan KİV-in yaydığı açıqlamaya əsasən, istefalardan əvvəl Paşinyan imicinin dəyişib, Nazirlər Kabinetinin cümə günü keçirilən iclasında hüquq və təhlükəsizlik blokunun rəhbərlərinin “qaralanması” baş verib. Ermənistanın baş naziri bazar günü səhər doğulduğu Yenokavan kəndinin sakinləri ilə görüşüb, qurbankəsmə mərasimindən danışıb. Axşam saatlarında isə mediada bir sıra məmurun işdən çıxarılmasına dair məlumatlar yayılıb.
Maraqlıdır ki, istefa ilə bağlı bəyanatlar silsiləsi hökumətin bu yaxınlarda keçirilən iclasından az sonra başlayıb və həmin iclasda baş nazir Nikol Paşinyan təhlükəsizlik orqanlarının işini kəskin tənqid edib.
Hökumət üzvləri, ətraflarının korrupsiyaya qurşanması məsələsini ilk ehtimal olaraq irəli sürmək mümkündür. Bu ilin fevralında iqtisadiyyat naziri və müavinin istefaları hökumətdə bu halın miqyasını göstərdi.
Baş nazir oktyabrın 23-də parlamentdə "hökumət saatı"nda çıxışı zamanı korrupsiyaya qarşı mübarizənin səviyyəsindən razı qalmadığını bildirmişdi : “Korrupsiyaya qarşı mübarizənin effektivliyindən narazı olduğumu bildirmişəm. Hesab edirəm ki, daha səmərəli mexanizmlər hazırlamaq üçün bu məsələdə daha ardıcıl olmalıyıq”.
Paşinyan həmin toplantıda qeyd etmişdi ki, korrupsiyaya qarşı mübarizədə güzəşt olmayacaq.
Nikol Paşinyan noyabrın 8-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaradılmasının üçüncü illiyinə həsr olunmuş təntənəli iclasda “hökumətin korrupsiyanın kökünü kəsmək üçün kifayət qədər siyasi iradəsi var və bu prosesin harada, niyə “dalana” dirəndiyini anlamaq lazımdır”, demişdi.
Baş nazir vurğulamışdı ki, bu məsələləri məhkəmə sisteminə təzyiq məqsədilə deyil, ictimaiyyətin nəzərində qanunun və asayişin əsas məsuliyyətinin hökumətin üzərinə düşdüyü üçün qaldırır : “Ona görə də mən bu barədə ictimaiyyətə və ətraflı danışmağa məcburam, biz problemi müəyyən etməli və onun həlli yollarını tapmalıyıq”.
Noyabrın 15-də polis sistemində islahatlar prosesindən danışarkən onun effektivliyinin artırılmasından da bəhs edib.
Habelə vergi və ərazi idarəetmə sistemlərinin başçılarının da istefası bu istiqamətdə vəziyyətin xoş olmadığını təsdiqləyir.
İki ilə yaxındır Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə miqyasından asılı olmayaraq aksiya keçirilir. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq etdiyi aksiyalar cəmiyyətdə baş nazirə qarşı narazılıqları artırıb. Baş nazirin etirazçıların, narazıların hədəfindən yayınmaq üçün komanda üzvlərini qurban verdiyini ikinci versiya olaraq irəli sürmək olar.
Hər iki ehtimala əsasən, Nikol Paşinyan özünü həlledici və aparıcı fiqur olaraq cəmiyyətə göstərmək istəyir. Çünki bundan əvvəl istefalarla bağlı çağırışlara cavab kimi lazım biləcəyi halda, bu addımı atacağını vurğulamışdı: “Mənim istefa verməyim Ermənistanın problemlərini həll etməyəcək”.
Üçüncü ehtimal isə parlament seçkilərinə hazırlıqdır. Çünki bu il ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi iddia olunurdu. Ancaq ilin başa çatmasına 43 gün qalıb. Odur ki, bu siyasi kampaniyanın keçirilməsinə vaxt qalmır. Sonucu seçkilər (növbədənkənar) 2021-ci il iyunun 20-də keçirilib. Növbəti siyasi kampaniya isə 2026-cı ilin may-iyun aylarında keçirilməlidir.
Bir sıra araşdırmalara görə, Paşinyanın reytinqi azalır. Həmin seçkilərə qədər onun daha çox azalacağı ehtimal edilir. Ona görə yaranmış fürsətdən istifadə edərək 2025-ci ildə növbədənkənar parlament seçkiləri keçirməklə səlahiyyət müddətini 2030-cu ilədək uzada bilər.
İstefaya göndərilənlər həbs edilməsə, o zaman onların növbəti parlamentdə deputat kimi fəaliyyət göstərəcəkləri də gözləniləndir.
Hakimiyyətdə olduğu altı ilə ərzində o, erməni cəmiyyətinə, beynəlxalq ictimaiyyətə çoxsaylı vədlər verib. Qarşı tərəflər bu vədlərin reallaşacağını gözləyir. Paşinyan isə kadr dəyişikliyi ilə manevr edir.