Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində gərginlik artmaqdadır. Sanki ölkə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında iki qütbə bölünüb.
Yeri gəlmişkən, eks-prezident Levon Ter-Petrosyanın, sabiq prezident Serj Sarqsyanın müdafiə etdiyi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın da tərəfdarları az deyil. Avropayönlü sayılan və sədri Edmon Marukyan olan İşıqlı Ermənistan Partiyasının da tərəfdarları var. Sonuncu parlamentdə əsas müxalifət sayılan Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası da özünü ciddi müxalifət sayır. Daşnaklar, kommunistlər və başqaları da parlament seçkiləri uğrunda yarışa qoşulublar. Bütövlükdə iyunun 20-də keçiriləcək siyasi kampaniyada 26 siyasi partiya və blok qeydiyyatdan keçib. Amma baxışlarına və hədəflərinə görə bunları Paşinyan və Koçaryan qruplarına bölmək olar. Ter-Petrosyan və Edmon Marukyan indiki baş naziri tənqid etsələr də, daha çox Nikolun siyasi xəttini müdafiə edirlər. Daşnaksütyun və kommunistlər və ya onların bənzərləri də daxil olmaqla Vanesyan və Sarqsyan Koçaryanın yanında dururlar. Odur ki, Ermənistanda siyasi səhnədə özlərini Qərbyönlü sayanlarla Rusiyayönlülərin mübarizəsi davam edir. Paşinyançılar Qərbyönlü sayılsa da, onlar Kremllə əlaqələrə daha çox üstünlük verirlər. Koçaryançılar isə birmənalı olaraq Rusiyayönlüdür. Onları revanşist də saymaq olar.
Əslində, Azərbaycana münasibətdə keçmiş üç prezidentin və indiki baş nazirin bir-birindən heç bir fərqi yoxdur. İndi Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından danışan Ter-Petrosyanın prezidentliyi dövründə Xocalı soyqırımı törədilib, Azərbaycan torpaqları işğal olunub. Koçaryan və Sarqsyan isə Qarabağda törədilən bütün faciələrin təşkilatçıları və baş icraediciləridir. Nikol Paşinyan bu üçlüyün işğal etdiyi torpaqları Ermənistanın əlində saxlamağa cəhd etsə də, gözləmədiyi şəkildə zərbə aldı. Bununla da Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyandan qalma ordu barədə yayılan mif və qoşun darmadağın oldu. Rusiyasız Ermənistanın mövcud ola bilməyəcəyi bir daha təsdiqləndi.
Seçkilərin keçirilməsinə üç həftəyə yaxın müddət qalıb. Ermənistanda siyasi, hərbi, sosial sahələrdə gərginlik yüksələn xətt üzrə davam edir. Levon Ter-Petrosyan ölkədəki vəziyyəti şərh edərək deyib ki, daxili siyasət partlayış təhlükəsi törədir, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək təhlükəsindədir: “Nikol Paşinyan və Robert Koçaryanın tərəfdarları arasında kəskin ziddiyyət mövcuddur. Əgər bu düşmənçilik dayanmazsa, baş verə biləcək hadisəni təsəvvür etmək dəhşətlidir”.
Onun fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir. Görünür, Levon 1999-cu ilin oktyabrında Koçaryanın rəqiblərini terrorla məhv etməsini yada salmaq istəyir. Onda parlamentə hücum edən silahlılar Robertə müxalifətdə olan siyasi liderləri aradan götürdü. Ter-Petrosyan xəbərdarlığı ilə 2008-ci ilin martında Koçaryanın dinc aksiya iştirakçılarına atəş açılmasına da eyham vurub.
Deməli, Ermənistanda sosial vəziyyət hazırda ağırdır və onun seçkilərdən sonra da düzəlməyəcəyi ehtimalı az deyil. Nikol Paşinyan hökumət başına gələndən sonra kabinetin çox ciddi fiqurları və onunla birlikdə hakimiyyət dəyişikliyində iştirak edənlər istefa verdi: Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan, qurumun başqa bir sabiq direktoru Mikael Ambarsumyan, polis rəisi Valeri Osipyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və başqaları. Son günlər isə xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyanın istefası hökumət daxilində ciddi narazılığın olduğunun göstəricisi sayıla bilər. Onun keçmiş müavini Qaqik Qalaçyan, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan da tutduqları vəzifədən istefa veriblər. Yerli KİV-in yazdığına görə, istefalar bununla məhdudlaşmayıb. Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıblar.
Yeri gəlmişkən, Ermənistan ordusunda da vəziyyət acınacaqlıdır. Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Artak Davtyanla müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanın münasibətləri gərgindir. “Joxovurd”un yazdığına görə, ordunun rəhbərliyində fikir ayrılığı var. Qeyri-rəsmi mənbələr bildiriblər ki, Baş Qərargah rəisi A.Davtyan verdiyi əmr və tapşırıqları müdafiə naziri V.Arutyunyanla müzakirə etmir, onunla məsləhətləşmir. Məlumatlara görə, Müdafiə Nazirliyində əsas fiqur Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyandır. O, nazirlikdəki bir çox məsələləri idarə edir: “Başqa sözlə, Arşak Karapetyan Baş Qərargah rəisi və müdafiə nazirinə tabe deyil və nazirliyin kölgə meneceridir. O, Müdafiə Nazirliyini idarə edir”. Vaqarşak Arutyunyan az qala hər gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ya görüşür, ya da telefonla danışır. Bütün bu və başqa faktlar Ermənistan ordusunda vəziyyətin sabit olmadığını göstərir. Nəticə etibarilə belə bir hökumətin ordusu Azərbaycanla dövlət sərhədində təxribat törətməyə çalışır, gərginlik yaradırlar. Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya dövlət sərhədini keçib və Azərbaycan ərazilərini minalamağa və başqa təxribat əməlləri törətməyə cəhd göstərib. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Nikol Paşinyan isə iddia edib ki, guya onlar sərhəddə minalanmış ərazilərə tanınma nişanı qoyarkən “oğurlanıblar”. Baş verən hadisəyə görə üzr istəməkdənsə, Paşinyan yalan danışmaqla həm də öz hərbçilərini gülünc vəziyyətə qoyub. Təəssüf ki, bu ölkədəki vəziyyəti Ermənistan-Azərbaycan münasibətləri fonunda tənzimləməyə çalışır, idarə edirlər. Bu, onsuz da qulluq etdikləri ermənilik ideologiyasından kor olan Ermənistan cəmiyyətində böhranı daha da dərinləşdirir.
Son günlər Ermənistan ordusunda ölüm hallarına dair xəbərlər yayılır. Mayın 26-da Ermənistan ordusunun əsgəri Mher Ovannisyanın intiharı ilə bağlı cinayət işinin başladığı məlum olub. Müdafiə Nazirliyi hadisənin silahdan ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirmişdi. Ancaq sonradan İstintaq Komitəsi əsgərin intihar etdiyini açıqlayıb.
İyunun 20-dən sonra vəziyyətin normallaşacağı ehtimalı azdır. Tərəflər rəqib deyil, bir-biri ilə barışmaz düşməndirlər. Seçkilərdən sonra Ermənistanda problemlərin həllinə silahlı qarşıdurma ilə cəhd ediləcəyi də istisna olunmur. Qeyd edək ki, Qarabağda işğalçı Ermənistan ordusunda xidmət etmiş hərbçilər Azərbaycan ərazilərindən qaçarkən özləri ilə çoxlu sayda silah-sursat da aparıblar. Ötən illərin təcrübəsinə və Ermənistanın siyasi səhnəsindəki fiqurların düzülüşünə əsasən bu silahların seçkilərdən sonra açılacağı gözlənilir.
Beləliklə, yaxın illərdə Ermənistanda sabitliyin bərqərar olacağı inandırıcı görünmür.