Koronavirus müəyyən mənada məhək daşı rolunu oynadı. Pandemiya dövründə adi insani münasibətlərdən tutmuş dövləti idarə edənlərin keyfiyyəti aşkar oldu. Bu virus həm də hökumət başçılarının təmsil etdiyi komandanın, siyası qüvvənin gücünün, birliyinin müəyyən olunmasına təsir göstərdi.
Koronavirus Ermənistanda da hakimiyyəti, cəmiyyəti silkələməkdədir. Niyə Ermənistan? Bu ölkə Azərbaycan torpaqlarını işğal altında saxlayır, qonşu dövlətlərə qarşı torpaq iddiası ilə çıxış edir, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edir, bölgədə üçüncü qüvvələrin maraqlarının təmin olunmasında aparıcı rol oynayır, rəhbər şəxsləri daha çox xarici havadarlara işləyir, daha çox ziddiyyətlərlə idarə olunur, ətraf dövlətlərin hamısını düşmən görür və s. Sadalanan amillər Ermənistanda koronavirus dövründə hakimiyyətdə baş verənlərə ötəri nəzər salmağımıza əsas verir. Qonşuluqda yerləşən dövlətdə region üçün təhlükə yaradacaq hadisənin baş verməsi Azərbaycanın dövlət maraqlarını da təhdid edir. Odur ki, pandemiya dövründə Ermənistanın ictimai-siyasi həyatına bir baxış etmək maraqlı olar.
Beləliklə, son aylar Ermənistanda diqqəti çəkən nə baş verir? Ölkənin baş naziri Nikol Paşinyan dövləti idarə edə bilirmi? Nikolun keçmiş silahdaşları onu tərk edəcəkmi? Paşinyan Qərblə Şimal arasında tarazlığa nail olacaqmı? Ermənistan KİV-in yazdığına görə, ölkədə bir aylıq ərzaq ehtiyatı var. Hökumət maliyyə böhranı ilə üz-üzədir. İqtisadiyyatda tənəzzül artacaq. Əhalinin sayının artması, xarici miqrasiyanın azalması da ölkənin firavanlığının göstəricisi sayılır. Bu baxımdan Ermənistanda hər iki sahədə vəziyyət ağırdır. Ermənistanın Statistika Komitəsi bildirib ki, 2011-ci ildə keçirilən əhalinin siyahıyaalınması hesabatına əsasən, 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2 959 500 nəfər olub. Bu isə 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 5 600 nəfər azdır. Xatırladaq ki, Ermənistan müstəqilliyini bərpa edəndən əhali sayı 3 milyona çatmır.
Cari ilin yanvar-mart aylarında hava yolu ilə Ermənistanı tərk edənlərin sayı gələnlərin sayından çoxdur. Ermənistanın Mülki Aviasiya Komitəsinin statistikasına əsasən, hesabat dövründə Yerevanın “Zvartnos” hava imanından 269 072 nəfər uçub, 257 639 sərnişin isə gəlib. Hava limanının hesabatında bildirilib ki, 11 433 nəfər Ermənistana qayıtmayıb. Oxşar mənzərə “Şirak” hava limanında da qeydə alınıb: 14 209 nəfər gedib, 13 324 nəfər gəlib.
Ümumiyyətlə, riskli dövlət olduğundan 2018-ci il “inqilabından” sonra Ermənistandan xaricə kapital axıb. Hakimiyyət bu kapitalın arxasında duran qüvvəni axtarır. "Çiçəklənən Ermənistan" parlament fraksiyasının deputatı Mikael Melkumyan bildirib ki, 2019-cu ildə xarici sərmayə 2018-ci illə müqayisədə 45 faiz, yaxud 225 235 874,69 ABŞ dolları azalıb. Onun sözlərinə görə, 2020-ci ilin aprelində xarici investisiyada 2018-ci ilin eyni dövrü ilə müqayisədə 79,4 milyard dram (162 579 349,55 ABŞ dolları) azalma müşahidə olunub. Bu dövrdə ölkənin qeyri-real iqtisadiyyatının kapitalı 400 min dollar azalıb. Ermənistan prezidenti Armen Sarkisyanın məhkəmənin qanunsuz elan etdiyi maliyyə vəsaiti və mal-mülkün qısa müddətə müsadirə olunması barədə sərəncamı da büdcə kəsirinin doldurulması yollarından biri sayıla bilər. Sadalanan faktlar Ermənistanın sosial-iqtisadi vəziyyətinin ağırlaşacağının davam edəcəyini göstərir.
Nikol Paşinyan koronavirusa qarşı mübarizədə çətinlik çəkir. O, koronavirusla bağlı məlumatları “Facebook” səhifəsində yazmaqla Səhiyyə Nazirliyi və ya bu sahəyə məsul quruma inamının olmadığını sübuta yetirir. Ermənistan ictimaiyyətindən pandemiya qurbanları və yoluxanların sayının gizlədildiyi bildirilir. Saylarla bağlı şəffaflığın qorunmaması ölkədə yoluxanların sayının artmasına da təsir göstərib. Bu istiqamətdə saxtakarlıq əhalinin pandemiyanın yayılmasına, hətta olmasına inamı azaldıb. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər: “Vəziyyət kəskin pisləşər”.
Bu da Ermənistanda fövqəladə vəziyyət rejiminin tətbiq müddətinin uzadılması üçün bəhanə və ya arqument sayıla bilərdi. Onun bu əsaslandırmasından iki gün sonra Ermənistanda mövcud rejim daha 30 gün uzadıldı. Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi mayın 14-də başa çatırdı. Ermənistan hökuməti mayın 13-də rejimin daha 30 gün, iyunun 13-dək uzadılması barədə qərar qəbul etdi. "İşıqlı Ermənistan" parlament fraksiyasının lideri Edmon Marukyan isə ölkədəki fövqəladə vəziyyət rejiminin uzadılmasının qanunazidd və siyasi məqsəd daşıdığına dair bəyanat yayıb. O bildirib ki, Ermənistan konstitusiyasının “Fövqəladə vəziyyət rejimi haqqında” 5-ci maddəsinə əsasən, bu rejim 30 gündən, əlahiddə yerlərdə 60 gündən artıq ola bilməz. Onun sözlərinə görə, müddət başa çatandan sonra fövqəladə vəziyyət rejimi dayandırılmalıdır.
Belə çıxır, koronavirus Nikol Paşinyana kömək edir. O, pandemiyaya qarşı mübarizəni bəhanə gətirərək fövqəladə vəziyyət rejimini siyasi rəqiblərini susdurmaq üçün tətbiq edir. Ermənistan hökumətinin başçısı keçmiş hakimiyyətin adamlarını cəzalandırmaqda davam edir. Nikol Paşinyanın tərtib etdiyi yeni əsas qanunu qəbul etməyən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan və dostu Vardan Poqosyan tutduqları vəzifədən azad edilib. Onlar təcrübəli hüquqşünas sayılır və mövcud konstitusiyanın həmmüəllifləridirlər. 2008-ci il martın 1-də Yerevanda dinc aksiyanın silah və güc tətbiqi ilə qarşısının alınması əsasında başlanan cinayət işi Paşinyan hakimiyyətdə olan müddətdə davam edəcək. Bu cinayət işi daha çox siyasi alət olaraq tətbiq olunur. Robert Koçaryanın məhkəmə prosesinin uzadılması, onun cəzalandırılmasının ləngiməsi bu ehtimalı etməyə əsas verir. 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyəti də Ermənistan hakimiyyətini və ictimaiyyətini silkələyən amillərdəndir. Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyanın da mayın 18-də videokonfrans vasitəsilə bu məğlubiyyətə dair ifadə verəcəyi gözlənilir. Yeri gəlmişkən, bu diplomat hazırda Rusiyada yaşayır. Hakimiyyətin keçmiş nümayəndələri ilə bağlı cinayət işlərinin başlanması davam edir. Bu günlərdə Ermənistanın İstintaq Komitəsi keçmiş elm və təhsil nazirlərindən birinə qarşı cinayət işi başlayıb. 2009-2016-cı illərdə nazir işləmiş Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Son günlər Ermənistanda daha bir ictimai-siyası qalmaqal baş verib. Hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Sasun Mikaelyanla müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının deputatı Edmon Marukyan arasında dava olub. Bu, hakim partiyanın müxalifətə münasibəti və dözümsüzlüyünün göstəricisi də sayıla bilər. Baş verənlər Ermənistanın baş naziri Nikol Paşinyanın komandasına da təsirsiz ötüşməyib. Keçmiş komanda yoldaşlarına, o cümlədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana münasibəti ona qarşı etimadsızlıq yaradıb. Onu da qeyd edək ki, Paşinyanın qaynı Ermənistan parlamentinin deputatı Qraç Akopyan keçmiş direktorun “casus” olduğunu deyib. Bu ittiham Paşinyanın keçmiş komanda yoldaşlarına qarşı irəli sürüləcək ittihamın anonsu da ola bilər.
Ermənistan KİV-in yazdığına əsasən, baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən azad ediləcək. O, hazırda məzuniyyətdədir. Rəhbər iyunun 2-dək məzuniyyətdə olacaq, sonra istefa verəcək. Onun məzuniyyətdən geri qaytmayacağı iddia edilir. Məlumata görə, yaxın günlərdə ictimaiyyət əsl səbəbi biləcək: “Səbəb nə olsa da, fakt faktlığında qalır: baş nazir Nikol Paşinyan koronavirusla bağlı yaranmış vəziyyəti nəinki idarə edə bilmir, komandasına da nəzarəti itirir. Bu isə baş nazirin komandasında çatın başlamasını sürətləndirir”.
Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan da istefa ərizəsi yazıb. O, işdən çıxmasının səbəbi barədə danışmaq istəmədiyini bildirib: “Bu barədə gələcəkdə danışacağam”. Qeyd edək ki, S.Qoqyan da Paşinyanın komandasının əsas üzvlərindən sayılır. O, 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub.
Ermənistanda çıxan “İrates” qəzetinin yazdığına görə, hakim “Mənim addımım” blokunun bəz deputatları artıq Nikol Paşinyana inanmır. Parlamentdə baş vermiş məlum dava-dalaş fraksiyada gərginlik yaradıb. Həmin deputatlar baş nazirin mövcud çətinliklərin öhdəsindən gələcəyinə şübhə edirlər.
Beləliklə, postkoronavirus dövrü Ermənistan üçün siyasi cəhətdən də gərgin olacaq. Koronavirus isə zəifləyən Nikol Paşinyan hakimiyyətini sıradan çıxara bilər. Nikol Paşinyan keçmiş komanda yoldaşlarını itirir. Bazası azalacağı halda Qərb və Şimalın onu dəstəkləməsi ehtimalı da azalacaq. Çünki indiyədək ikibaşlı fəaliyyət göstərib. Həm Rusiyanın, həm də ABŞ-ın üzünə gülməklə vəziyyəti idarə etməyə çalışıb. Mövqesizlik isə ona heç ucuz başa gəlmir. Bu xarici amilin də Paşinyana etmadının azalmasına səbəb olacaq. Ona görə də demək olar ki, Nikol Qərb və Şimal arasında öz yerini tapa bilməyib. Maliyyə böhranı, ağır iqtisadi vəziyyət, işsizlik, xarici və daxili siyasi təzyiqlər, ölkəni bürüyən yoxsulluq və s. hallar onun ölkəni idarəetmə qabiliyyətini itirməsi ilə nəticələnə bilər.
Odur ki, Ermənistanda yeni koronavirus dövründə siyasi immunitet qazana bilən qüvvənin hakimiyyətə gəlişi ehtimal edilir. Hakim partiyanın deputatları yeni baş nazirlə bağlı pıçıltıya başlayıblar. Parlamentdə iki variant qeyri-rəsmi müzakirə olunur. Onlardan biri “İşıqlı Ermənistan”ın lideri Edmon Marukyan, o biri isə baş nazirin müavini Tiqran Avinyandır. Bütün bu gərginlik Ermənistanda “inqilabçıların” yerini fərqli, mövqeyi daha aydın qüvvəyə verəcəyi ehtimalını artırır. Bu kimi səbəblərdən Nikol Paşinyanın hakimiyyəti koronavirusla birlikdə də gedə bilər...