HƏMAS-İsrail müharibəsi 84 gündür davam edir. Bu qarşıdurmanın gözlənildiyindən və proqnozlaşdırıldığından uzun sürməsinin səbəbi nədir?
İsrailin ərəb ölkələri ilə belə qarşıdurması bir qayda olaraq tez başa çatıb. Nəzərə almaq lazımdır ki, HƏMAS hərbi-siyasi birləşmədir. Bu məntiqlə İsrail dövlətinin ona qarşı antiterror əməliyyatları daha tez nəticə verə bilərdi. Bəs bu niyə baş vermir? Çünki İran hakimiyyəti qruplaşmaya yardım edir və dəstəkləyir. Bu birmənalıdır. Müharibədə iştirak etməsə də Tehran HƏMAS-ı dəstəklədiyini, ona yardım etdiyini gizlətmir. İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun komandanı general İsmayıl Kaani bildirib ki, Fələstin müqaviməti öz planı və qərarı üzrə gedir: “Hazırda müqavimət hərəkatları bütün bölgələrdə müstəqil və uyğun strukturlara malikdir”.
Sepahın Qüds qolu xarici kəşfiyyat məsələləri ilə məşğul olur. Məlumatlara görə, demək olar ki, o həm də müxtəlif ölkələrdə “islam müqavimət hərəkatlarını” yaradır, təlimatlandırır. İran rəsmilərinin çıxışlarına əsasən, ehtimal etmək olar ki, sonrakı mərhələlərdə isə belə “hərəkatların” cari məsələlərlə bağlı istəklərini təmin edir, göstərişlər verir. İ.Kaani bu tip qurumların (“hərəkatların”) müstəqil plan və uyğun strukturlarının olduğundan arxayınca danışması da əvvəlcədən keçirilmiş hazırlıqların nəticəsi olaraq qiymətləndirilə bilər. Sepah generalı bununla HƏMAS-ın, Suriya, İraq, Livan və Yəməndəki “müqavimətin” müstəqil proses olduğunu iddia edir. Bununla o, həm də başqa ölkələr üçün hazırladıqları “Kataib Hizbullah”, “Həşdi Şəbi”, husi, “Zeynəbiyyun”, “Fatimiyyun”, “Hüseniyyun”, “İslamı Müqavimət Hərəkatı” və başqa belə qruplaşmaların gələcək fəaliyyətinə görə məsuliyyət daşımayacaqları ismarışını verib.
Son proseslərlə HƏMAS-İsrail müharibəsində bu kimi qüvvələrin fəallığı da təsdiqləndi. Husilər Qırmız dənizdə, “Hizbullah” İsraillə sərhəddə, Suriya və İraqdakı “Zeynəbiyyun”, “Həşdi-Şəbi” fəaliyyəti ilə diqqəti yayındımağa səyi göstərirlər.
Ancaq əks effekt alınır. ABŞ və İsrail hərbi qüvvələri husilərin, “Hizbullah”ın mövqelərinə zərbələr endirir. İsrail Müdafiə Ordusunun rəsmi təmsilçisi kontr-admiral Daniel Xaqari gündəlik brifinqdə ölkəsinin şimal sərhədlərindəki vəziyyətdən bəhs edərək bildirib ki, Livan ərazisinin helikopter, tanklar və artilleriya ilə atəşə tutulub: “Hizbulllah” oktyabrın 6-dakı (HƏMAS-İsrail müharibəsi oktyabrın 7-də başlayıb-S.İ.) vəziyyətdə olmayacaq”.
Bu qüvvələrin İranın hazırladığı “müqavimət hərəkatlarıdır”. Onların “müstəqil” fəaliyyəti nəticəsində Tehran regionda zəifləyir. İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin “HƏMAS”ın tam məhv edilməsi, Qəzza zolağının silahsızlaşdırılması, bütövlükdə Fələstinin deradikallaşması kimi başlıca hədəflərinin irəli sürüb.
Bunların reallaşması üçün İsrail Suriya və İraqda İranın hərbi, silahlı bazalarına hücumlar edir. Ötən həftə Sepah komandanlığının müşaviri briqada generalı Seyid Razi Musəvi, Hüseyn Purcəfəri Suriya və İraq ərazisinin atəşə tutulması nəticəsində zərərsizləşdirilib. Razı Musəvinin dəfn mərasimində İranın ali lideri Seyd Əli Xaməneinin iştirakı ölkə ictimaiyyətində, o cümlədən Sepahda yaranan ruh düşkünlüyünü aradan qaldırmaq məqsədi daşıyıb. İsrail hərbçilərinin Suriyanın paytaxtı Dəməşq şəhərində beynəlxalq hava limanı ərazisini raket atəşinə tutması nəticəsində İranın daha 11 yüksək rütbəli hərbi zabitinin öldüyünə dair məlumat yayılıb.
Rəsmi Vaşinqtonla Tel-Əvivin Suriya və İraqda İran hərbi bazalarına hücumunu Tehrana xəbərdarlıq kimi də qiymətləndirmək mümkündür.
ABŞ Prezidenti Cozef Baydenin ölkəsinin son zamanlar İranın bazalarına hücumla əlaqədar Konqresə ünvanlandığı məktubda bildirib ki, Birləşmiş Ştatlar gələcək təhdid və ya hücumlara cavab olaraq lazım gələrsə, əlavə və müvafiq tədbirlər görməyə hazırdır. O, məktubunda yazıb ki, bu zərbələrin məqsədi ABŞ və tərəfdaşlarına qarşı davam edən silsilə hücumları azaltmaq, pozmaq, Tehranı və İranın dəstəklədiyi silahlı qrupları şəxsi heyətə, ABŞ obyektlərinə hücumlar həyata keçirməkdən və ya dəstəkləməkdən çəkindirməkdir.
Göründüyü kimi, İran regionda ABŞ ilə bəlkə də gözlədiyi müharibə üçün məqam əldə edib. Çünki ölkəsinin ictimaiyyəti üçün nəzərdə tutulsa belə Tehran ştatların hərbçilərinə qarşı müharibə aparmaq gücündə olduqlarını gizlətməyib. HƏMAS-İsrail müharibəsi bu hakimiyyətə gücünü, müxtəlif ölkələrdəki qüvvələrinin potensialını müəyyən etməyə imkan verib. Müharibə ərazisində getməsə də, regiondakı “müqavimət”çilər onun təmsilçiləri sayılır. Bu da ABŞ və İsrailin İran hakimiyyətinə qarşı müharibədir. Hər iki tərəfin üçüncü ölkənin ərazində apardığı müharibədə qalib, olmayacaq. Ancaq bu qarşıdurmada məğlub tərəf həmin ölkələrin bölgəni tərk etməsi ilə müəyyənləşəcək. Bir zamanlar keçmiş SSRİ-nin Əfqanıstan, Yaxın və Orta Şərq, Şərqi Avropa, Afrika və başqa yerlərdən çıxması (çıxarılması) kimi yaxın tarixin hadisələri unudulmayıb. Onun aqibətini yaşamaq növbəsi indi hansı hakimiyyətin, yaxud dövlətindir?