Moskva və Tehranın regionda Qərbi görməzdən gəlməsi, Azərbaycanın səbri - beynəlxalq qurumlar "sinifdə qala bilər" - ŞƏRH

Moskva və Tehranın regionda Qərbi görməzdən gəlməsi, Azərbaycanın səbri - beynəlxalq qurumlar "sinifdə qala bilər" - ŞƏRH Hazırda Ermənistanla Azərbaycan arasında mövcud olan problemlərin həlli məsələsində Fransanın həddən artıq fəallığı müşahidə olunur. Açıq ermənipərəst siyasət yürüdən Fransa prezidenti Emmanuel Makronun bu prosesi öz nəzarətinə götürmək cəhdləri açıq ayd
Analitika
17 Oktyabr , 2022 17:55
Moskva və Tehranın regionda Qərbi görməzdən gəlməsi, Azərbaycanın səbri - beynəlxalq qurumlar sinifdə qala bilər - ŞƏRH

Hazırda Ermənistanla Azərbaycan arasında mövcud olan problemlərin həlli məsələsində Fransanın həddən artıq fəallığı müşahidə olunur. Açıq ermənipərəst siyasət yürüdən Fransa Prezidenti Emmanuel Makronun bu prosesi öz nəzarətinə götürmək cəhdləri açıq-aydın görünür. Rəsmi Parisin obyektiv olmadığını söyləmək üçün kifayət qədər əsas var. Hər şeydən əvvəl onu deməliyik ki, Fransa ötən otuz il ərzində Minsk qrupunun həmsədrlərindən biri kimi heç bir əməli iş görməyib. Əksinə, münaqişənin uzadılmasına çalışıb. Bu, Fransanın Cənubi Qafqazdakı maraqları ilə bağlıdır. Deməli, indi də Parisdən səmimilik gözləməyə dəyməz.

Bu gün Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Fransa Aİ-nin əsas üzvlərindən biridir. Böyük ehtimalla, Fransa Ermənistana göndərilən missiya vasitəsilə öz ermənipərəst niyyətlərini reallaşdırmağa, belə demək mümkünsə, “suları bulandırmağa” çalışacaq. Bu isə yekunda ehtimal edilən sülh müqaviləsinin imzalanmasına mane olmaq məqsədi güdür.

Vaxtilə Napoleon Bonapart Rusiya-İran müharibəsi dövründə İrandan Rusiyaya qarşı istifadə edirdi. İndi də Makron həmin üsulu Ermənistan nümunəsində reallaşdırmağa çalışır.

Cənub qonşumuz İranın müsəlmanlığa və qonşuluğa uyğun hərəkət etmədiyini dəfələrlə görmüşük. 2020-ci ildə davam edən İkinci Qarabağ müharibəsi dövründə də rəsmi Tehran daim İrəvanı dəstəkləmiş, necə deyərlər, saman altından su yeritməyə çalışmışdı. Tehranın belə məkrli siyasətindəki məqsəd məlumdur: bu dövlət qonşuluğundakı Azərbaycanın gücünü qəbul etmək istəmir.

Təsadüfi deyil ki, 44 günlük savaşdan sonra İran rəsmilələri dəfələlərlə “qırmızı cizgi”lər çəkməyə başladılar. Belə bəyanatlardan birində göstərilirdi ki, İran Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Guya Qərbin regiona gəlişi rəsmi Tehran üçün “qırmızı cizgi”dir. “Guya” sözünü əbəs yerə işlətmədik. Məsələ ondan ibarətdir ki, Aİ-nin 40 müşahidəçisi Ermənistana yerləşir, İran isə hələlik “ağzına su alıb”. Bu, Tehranın qeyri-səmimilikdə heç də Parisdən geri qalmadığını göstərir. Yəni eyni ilə Fransa kimi, İran da Cənubi Qafqazda sabitlik istəmir.

Maraqlıdır ki, indiyədək Rusiya Aİ-nin müşahidə missiyasının regiona gəlişini sadəcə kənardan seyr etməklə məşğuldur. Kreml indiyədək bu məsələyə münasibət bildirməyib. Doğrudanmı, Moskva Qərbin regiondakı mövcudluğunu qəbul edəcək qədər zəifləyib?

Aİ müşahidəçilərinin sərhəd yaxınlığına gəlməsi xəbərinin yayıldığı bir dövrdə Ermənistanın Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə ağır texnika cəmləşdirdiyi müşahidə olunur. Ümumiyyətlə, oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş dördtərəfli görüşdən sonra düşmən hələ delimitasiya və demarkasiya olunmamış dövlət sərhədində, demək olar, hər gün təxribat törədir. Əlbəttə, bu, əldə olunmuş razılaşmaları sabotaj etmək cəhdidir. Daşkəsən rayonu ilə sərhədə ağır texnikanın yığılması isə qarşı tərəfin növbəti məkrli planlarından xəbər verir. Görünən odur ki, Ermənistan indi də Aİ-nin arxasında gizlənərək Azərbaycana qarşı yeni təxribatlar planlayır. Bu, bizim üçün təəccüblü olmamalıdır. Çünki İrəvan bütün tarix boyu kimlərinsə arxasında gizlənib: gah Rusiyanın, gah Fransanın, gah da diasporun. Ancaq əsas məsələ odur ki, Azərbaycan hər ssenariyə hazırdır. Hansısa provokasiya nəticəsində olan Ermənistana və üçüncü tərəflərə olacaq. Azərbaycanın səbrindən, xoş niyyətindən sui-istifadə edilərsə, İrəvan növbəti dəfə “Dəmir yumruğ”un “dadını görəcək”, vasitəçilik adı ilə regionda sabitliyə mane olan qüvvələr, o cümlədən beynəlxalq qurumlar isə etimadı doğrultmayacaq, necə deyərlər, “sinifdə qalacaqlar”.

Son xəbərlər

Orphus sistemi