Fransız ədib Aleksandr Dümanın Qafqaza səfəri ilə bağlı yazdıqlarını əksəriyyət yəqin ki, oxuyub. Məşhur yazıçı özünün xatirələrində Azərbaycan xalqının qonaqpərvərliyi, tolerantlığı ilə yanaşı, ermənilərin “xarakteri”ni də gözəl təsvir edib. Onun səfərində ən maraqlı hissə azərbaycanlı şairə Xurşudbanu Natəvanla görüşlə bağlı xatirəsidir. Fransız ədib Natəvanla görüşdən təəssüratlarını böyük ustalıq və şövqlə qələmə alıb. Şahmat oyununda şairənin onu mat etməsinə də toxunub. A.Düma şairənin sərbəstliyi, ağıl və dünyagörüşündən heyranlığını ifadə edib, hətta ona Napoleonun Parisdən gətirdiyi büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu da hədiyyə edib. Bu xatırlatmanı elə-belə etmədik. Sadəcə, üstündən 200 ilə yaxın keçib və Fransa rəhbərliyi görünür, Dümanın Natəvana məğlub olmasının “qisasını” bu ölkənin şəhərlərindən birində qoyulan abidəsindən çıxmaqla almağa çalışıb.
Məsələ ondadır ki, Azərbaycanı düşmən obrazında görən və "ermənidən artıq erməni olan" Fransa hakimiyyətinin diqqəti azərbaycanlı şairənin 2017-ci ildə Evian-le Ba şəhərində ucaldılan abidəsinə yönəlib və hesab ediblər ki, bu abidə götürülməlidir. Fransanın “Le Messager” nəşrində dərc olunan materialda bildirilir ki, şəhər merinin müavini Jan-Pyer Amadio Xurşudban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib”. Ardınca da bildirib ki, “əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.
Əslində, mer müavininin dedikləri də Fransada Azərbaycana qarşı aparılan kampaniyanın arxasında erməni lobbisinin durduğunu təsdiqləyir.
Fransanın tarixi abidələrə münasibəti bizlərə Ermənistanı xatırladır. Natəvanın digər abidəsini vaxtilə erməni separatçıları Şuşada gülləbaran etmişdilər. Azərbaycanın səyi nəticəsində abidə Bakıya gətirilmişdi. Yəni, Paris və İrəvanı bu məsələdə birləşdirən “dəyərlər” var. Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarında törətdiyi vandalizmi bu gün Fransa öz torpaqlarında həyata keçirməyə çalışır.
Reallıq odur ki, Fransa getdikcə ksenofob bir cəmiyyətə çevrilir və son addım da buna parlaq nümunədir. Paris mədəni şovinizm, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti nümayiş etdirir.
Natəvanın abidəsi ilə yanaşı, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası mədəniyyətə düşmən münasibət etiva edən digər bir qərar da qəbul edib. Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb. Fransız nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.
Beləliklə, demokratiya beşiyi, mədəniyyət ölkəsi, tolerant dövlət kimi yüz illərdir beynəlxalq aləmə tanıdılan Fransa sürətlə bu ənənələrindən üz döndərir. Jan Jak Russo, Şarl Lui Monteskyö, Jel Vern, Aleksandr Dümanın və digərlərinin qoyub getdikləri ənənələri islamafobiya, Azərbaycanofobiya kimi iyrənc ənənələr əvəzləyir. Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Daha çox da Emmanuel Makronun idarə etdiyi Fransa, onun erməni lobbisinin təsiri altında olan dairələri hər cür iyrənc addımlara əl atır, isterikasını abidələrdən, tarixi və mədəniyyət xadimlərindən çıxır.
Fransanın Evian şəhərində Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir. Bu vandalizm əməli, mədəni irsin dağıdılmasını, İslamofob hərəkətə beynəlxalq ictimaiyyət, xüsusən də UNESCO dərhal reaksiya verməlidir. Qarabağın işğalı zamanı da Natəvanın məzarı dağıdılmışdı və bu gün də Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Abidədən qisas almaqla Fransanın erməni dairələri bir daha sübut edirlər ki, irqçilik mərəzindən qurtula bilmirlər. Lakin Parisin nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır.