Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldə yenidən bir araya gələcək. Bu tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü olacaq. Son üç ayda Azərbaycan və Ermənistan liderləri dördüncü dəfə görüşəcək.
Deməli, birinci görüş 2021-ci il dekabrın 14-də Şarl Mişelin təşəbbüsü ilə reallaşıb. İkinci dəfə tərəflər Brüsseldə təkbətək görüşüblər. Növbəti görüş isə bu il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub. Görüş Prezident İlham Əliyev, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilib. Görüşlərdə rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan 10 noyabr bəyanatının müddəalarının həyata keçməsinin vacibliyini də vurğulayıb.
Prezident İlham Əliyev həmin müzakirələrdə humanitar məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha açıqlayıb. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib. İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın qanunsuz silahlı dəstələrdən təmizlədiyi Fərrux kəndində kütləvi məzarlığın aşkar edilməsi Prezident İlham Əliyevin Ermənistan və beynəlxalq ictimaiyyət qarşısında bu istiqamətdə qaldırdığı məsələni bir daha təsdiqləyir.
Rəsmi Bakının əvvəlki görüşlərdə irəli sürdüyü məsələləri yenidən iştirakçıların diqqətinə çatdıracağı gözlənilir. Ehtimal etmək olar ki, əvvəlki görüşlərdə əldə edilən razılaşmaların icra vəziyyəti də müzakirə oluna bilər.
Qarabağdakı keçmiş münaqişənin həllində Avropa İttifaqı və Avropanı təmsil edən təşkilatların çox zəif vasitəçiliyi ATƏT-in keçmiş Minsk qrupu və onun həmsədri kimi Fransanın timsalında daha aydın görünüb.
Son zamanlar Aİ-nin Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağı artıb. Avropalılar enerji təhlükəsizliyində Azərbaycanın rolunun artırılması istiqamətində danışıqlar aparır. Bu və başqa iqtisadi layihələrin reallaşması üçün regionda sabitlik və təhlükəsizliyin yaranması vacibdir. Ona görə də demək olar ki, avropalılar son zamanlar fəallaşmaqla həm də qarşılıqlı əməkdaşlığın inkişafını hədəfləyirlər. Rəsmi Bakının əvvəllər irəli sürdüyü Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və tezliklə sülh sazişinin imzalanması kimi məsələləri onlar da dəstəkləyir. Hətta bu günlərdə Nikol Paşinyan da Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının dərhal başlamasını, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini söyləyib. Qeyd edək ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilmiş əvvəlki görüşləri ABŞ və Rusiya da alqışlamışdı.
Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə marağı Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla da bu və başqa şəkildə əlaqəsi yox deyil. Çünki Azərbaycan, Ermənistan, Ukrayna da Gürcüstan, Moldova və Belarusla yanaşı, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının üzvləridir. Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsindən başladığının vacib olduğunu dərk etdiyindən problemin həllinə diqqəti artırır. İttifaq bu fəallığı ilə rəsmi Bakı və İrəvan arasında etimad mühitinin yaranmasına səy göstərir. Çünki regionda maraqlı olan başqa qüvvələr iki ölkə arasında yaxınlaşmaya, Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olurlar. Bu baxımdan, rəsmi Bakı və İrəvanın İttifaqa xoş münasibəti nəzərə alınarsa, onda avropalılar tərəfsizlik nümayiş etdirərək bu istiqamətdə uğura nail ola bilərlər. Son üç ayda keçirilən görüşlərin buna xidmət etdiyi də istisna olunmur. Bu cəhdlərin davamlı, təkbətək görüşlər müstəvisinə keçməsi istiqamətində uzun-uzadı müzakirələrin əməli addımla əvəzlənməsi iki dövlət üçün günün vacib məsələsidir. Odur ki, bu görüşləri təşkil edən Avropa İttifaqı regional və qlobal əhəmiyyətli bir missiyanı həyata keçirir. Bu həm də İttifaq üçün bir sınaqdır.