Kimi kim əvəz edəcək? - ŞƏRH

Kimi kim əvəz edəcək? - ŞƏRH Bütün hallarda Kim Çen In dövlət başçısı kimi yenidən fəaliyyətini davam etdirsə belə Kim Yo Çjonun kölgəsi də həmişə görünəcək
Analitika
27 Aprel , 2020 17:12
Kimi kim əvəz edəcək? - ŞƏRH

Koreya yarımadası Yaponiya imperiyasının müstəmləkəsindən xilas olduqdan sonra yeni ziddiyyətlərlə dolu iki respublikaya parçalandı. Bu yarımadanın başından bəla heç əskik olmur. İkinci Dünya müharibəsindən sonra koreyalılar qardaş qatili oldu. İkiyə parçalanmış dünya onları da ikiyə - Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) və Cənubi Koreyaya (Koreya Respublikası) böldü. 75 ildir bu iki qütbün ziddiyyətindən doğan bəlalar ikiyə bölünən bir millətin başında çatlayır. 

Cənubi Koreya Qərbin nəzarəti altında, yaxud orada demokratik rejim hakim olduğundan dövlətin idarə edilməsi və hakimiyyətdəkilərlə bağlı informasiyalar cəmiyyətdən gizli saxlanılmır. Elə dövlətlərdə dövlət başçısı ilə bağlı hər hansı problem yaranda cəmiyyətdə çaşqınlıq müşahidə edilmir. 

Ziddiyyətlərdən və geopolitik maraqların toqquşmasından yaranan Şimali Koreyada 72 ildir dövlət başçısının doğum tarixi də daxil olmaqla səhhəti, hətta ölümü ilə bağlı xəbərlər gizli saxlanılır.

Son aylarda bu ölkənin indiki lideri Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı dəqiq xəbər verilmir. 

O, ictimaiyyət arasında görünmür. Hətta babası Kim İr Senin doğum günü ilə bağlı tədbirlərdə belə K.Ç.In iştirak etməyib. Bu tədbir ölkənin siyasi-ictimai ideologiyasının əsasını təşkil edən amillərdədir. Onun bu vacib mərasimə qatılmaması qeyri-rəsmi müxtəlif xəbərlərin yayılmasına rəvac verib.

Rəsmi Pxenyan uzun sürən sükutdan sonra ölkədə çıxan “Nodon sinmun” qəzeti Kim Çen Inın sənədlər üzərində işlədiyi barədə məlumat yayıb. Bildirilib ki, o, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu da göndərib. Ancaq ölkə liderinin minnətdarlıq məktubunun vaxtı, tarix dəqiq göstərilməyib. "Nodon sinmun" həmçinin Kim Çen Inın yeni şəkillərini də dərc etməyib.

Qonşu və qardaş Cənubi Koreyanın Milli Birlik İşlər üzrə Nazirliyin sözçüsü Ço Xe SilKim Çen Inın səhhəti ilə bağlı yayılan şayiələri təsdiqləyəcək heç bir əlamətin müşahidə edilmədiyini bildirib: “Şimali Koreyanın Milli Təhlükəsizlik Şurasının Rəyasət Heyəti iclasının artıq elan etdiyi kimi Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Inın sağlığı ilə bağlı yayılan şayiələri təsdiqləyəcək heç bir qeyri-adi tendensiya müşahidə edilməyib”.

Qonşu dövlət öz rəsmi mövqeyini Pxenyandan xəbərlər üzərində qurduğundan rəsmi Seulun da məsələyə ehtiyatla yanaşığını demək olar.

Çin də Şimali Koreyanın sədri Kim Çen Inın ölüb-ölmədiyi və ya vəziyyətindən şübhəlidir. Bu məqsədlə rəsmi Pekin Pxenyana həkim heyəti göndərib.

Başqa bir qonşu dövlətdə, Yaponiyada çıxan “İomiuri” qəzetinin yazdığına görə, Kim Çen In ölüb və onun yerinə bacısı Kim Yo Çjonu hazırlayırlar.

“The New York Post” isə bildirib ki, Şimali Koreya lideri cərrahiyyə əməliyyatına dözməyərək komaya düşüb. Amma rəsmi məlumat yoxdur.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreya liderinin səhhəti ilə bağlı heç nə bilmədiklərini vurğulayaraq deyib: “Amerika xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir. Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ-ın hədəfləri dəyişməyəcək". 

Mayk Pompeo Şimali Koreyanın nüvə silahlarından təmizlənəcəyi istiqamətində ABŞ-ın fəaliyyətinin davam edəcəyini söyləyib.

ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham “Fox News” televiziyasına müsahibəsində bildirib: “Kim Çen In ölməyibsə, mən şoka düşərəm. Ora qapalı bir ölkə, cəmiyyətdir. Doğrudan, heç nə eşitməmişəm. Ancaq o ölməsə və ya iş qabiliyyətini itirsə, mən şoka düşərəm. Çünki bu ölkədən çox bir təriqət olan qapalı yerdir. Orada bu sayaq dedi-qoduların sonsuzluğadək davam etməsinə və problemlərin cavabsız qalmasına icazə verilməz. Əgər Kim Çen In ölübsə, onun yerinə keçəcək adam Şimali Koreyanı hamı üçün daha yaxşı bir hala gətirmək üçün ABŞ prezidenti Donald Trampla birgə işləyəcəyinə ümid edirəm”.

Deməli, yayılan xəbərlərdən belə nəticəyə gəlmək olar – Kim Çen Inın vəziyyəti yaxşı deyil. Ya o fiziki olaraq mövcud deyil, ya da ciddi şəkildə xəstədir. Əks halda xəbərlərin bu şəkildə yayılması elə təhlükəsizlik baxımından da sərfəli sayılmaz.

Bəs Çimali Koreya rəhbəri barəsində məlumat niyə verilmir? Çin bu ölkənin sponsoru sayılır. Rəsmi Pekin niyə susur? ABŞ-ın kəşfiyyatı da Kim Çen Indan xəbərsizdir?

Bu ölkə qapalı olduğundan və yayılan xəbərlər bir-birini tamamlamadığından dövlət rəhbərinin səhhətində ciddi problemin olduğunu zənn etmək olar. Ehtimal ki, bu ölkə ilə bağlı maraqlı dövlətlər - ABŞ, Yaponiya, Cənubi Koreya, Rusiya və Çin hakimiyyətə gələcək yeni şəxslə bağlı ortaq mövqeyə gəlməkdə çətinlik çəkirlər. Yaxud Şimali Koreya hakimiyyətinin yuxarı eşalonunda fikir ayrılığı var.

Kim Çen In 1983-cü ildə və ya 1984-cü ilin əvvəllərində doğulub. 2011-ci ilin sonunda hakimiyyətə gətirilib. O, Kim Çen İrin üçüncü arvadı Ko Yon Hinlə nikahından dünyaya gələn kiçik oğludur.

Kim Çen In hakimiyyətə gətirilməzdən əvvəl təhlilçilər əsasən diqqəti onun ögey qardaşı Kim Çen Nama və doğma qardaşı Kim Çen Çola verirdilər.

Kim Çen İrin səhhətində problem olduğundan Kim Çen In atasının yerinə hazırlaşdırılıb. 2009-cu ilin yanvarında onun atasının yerinə keçəcəyi barədə müxtəlif xəbərlər yayılmağa başladı. Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi atasının Kim Çen Inı varis təyin etdiyini xəbər verirdi. Atası Kim Çen İrin sağlığında Şimali Koreya Milli Müdafiə Komissiyasına üzv təyin edilməsi onun ölkəyə başçılıq edəcəyi barədə xəbərləri təsdiqləyirdi. Bu qurumun sədri atası idi. Kim Çen Inın uğurlarına həsr edilən “Addımlar” adlı mahnı da yazıldı. Yeni liderin 10 milyona yaxın portreti hazırlanaraq babası Kim İr Sen və atası Kim Çen İrin şəkillər ilə yanaşı vurulurdu.

Kim Çen Inın “boz kardinalı” Kim Çen İrin bacısının əri (Inın bibisinin həyat yoldaşı) və Şimali Koreya İşçi Partiyasının inzibati departamentinin direktoru Çan Sonq Tek sayılırdı. Yeni lideri işləri özü idarə etməyi bacaranadək dövləti səhnə arxasından onun idarə etdiyi deyilir.

Kim Çen Inın özü haqda çox az şey məlumdur. Deyilənə görə, onun anası Kim Çen İrin sevimli arvadı idi və qadın öz oğlunun irəli çəkilməsində rol oynayıb. Anasının o vaxt oğlunu “Dan ulduzu kralım” adlandırdığı da deyilir.

Bu isə Şimali Koreyada dövlətin idarə edilməsində görünməyə əllərin olduğunu iddia etməyə imkan verir.

Beləliklə, Inı hakimiyyətdə əvəzləyə biləcək, beynəlxalq ictimaiyyətə məlum adlar sırasında birinci yerdə Kim Yo Çjonun adı gəlir. Kim Çen İrin ortancıl oğlu Kim Çen Çxol da potensial namizədlərdən sayılsa da, onun siyasətlə maraqlanmadığı deyilir. Hətta atası onu “qadın xasiyyətli” adlandırırmış.

Potensial namizədlərdən biri Kim Çen Inın böyük qardaşı Kim Çon Nam ola bilərdi. Onu isə 2017-ci ilin fevralında Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında Şimali Koreyanın xüsusi xidmət orqanının iki əməkdaşı tərəfindən zəhərlənərək öldürüldüyü barədə xəbərlər yayıldı.

Onda bildirilirdi, Kim Çen Nam hadisədən əvvəl Çinin Makao şəhərində Yaponiyanın tanınmış siyasətçilərindən biri, İctimai təhlükəsizlik işləri üzrə komissiyanın keçmiş rəhbəri Xadzime İsii ilə gizli görüşü planlaşdırılıbmış. X.İsiinin sözlərinə görə, onlar görüşdə Yaponiya ilə Şimali Koreya arasında əlaqələrin gələcəyi, eləcə də Şimali Koreyada bütövlükdə vəziyyətin mümkün inkişaf perspektivilərini müzakirə edəcəkmişlər.

İnfromasiyaya əsasən, Şimali Koreyanın rəhbərliyi Kim Çen Namın xarici ölkə siyasi dairələri ilə əlaqələrindən narahat imiş. Onun ailəsi Çin hakimiyyətinin himayəsi altındadır. Onun həyat yoldaşı və bir oğlu Pekində, o biri oğlu isə Çinin Makao şəhərində yaşayır.

Deyilən görə, atasından sonra hakimiyyətə gəlmək üçün əsas namizəd olduğu üçün rejimdaxili ixtilaflar səbəbindən Şimali Koreyanı tərk edib.

Oxşar faciə Kim Çen Inın dayı və əmisinin başına gətirilib. 2013-cü ildə 67 yaşlı Çan Son Txek “dövləti xəyanətə” görə güllənir. 65 yaşlı əmisi Kim Pxen İr isə uzun illər Avropa diplomatik fəaliyyətdə olduğundan hakimiyyətdən kənar saxlanılıb. 2019-cu ilin noyabrında ölkəsinə qayıtsa da, iqtidariçi qüvvələrdən sayılmır.

Şimali Koreya Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri 70 yaşlı Çxve Ren Xe nominal olaraq dövlətin başçısı sayılsa da, onillər uzunu hakim ailəyə xidmət etdiyindən zərərsiz sayılır. Bundan başqa, onu ikinci oğlu Çxve Son dövlət başçısının kiçik bacısı Kim Yo Çjonun həyat yoldaşıdır.

Yuxarıda qeyd etdiyimiz kimi bu da K.Y.Çjonun dövlət başçısı olması ehtimalını artıran amillərdəndir. Başqa sözlərlə, köhnə qvardiyanın nümayəndəsi Çxve Ren Xenin gəlinini dəstəkləyəcəyi istisna olunmur.

32 yaşlı Kim Yo Çjonu ölkə ictimaiyyəti ilk dəfə 9 il əvvəl, 2011-ci ildə atası Kim Çen İrin dəfnində qardaşı K.Ç.Inın yanında görüb. Bundan iki il sonra onun adı hakim Əmək Partiyasının Mərkəzi Komitəsinin yüksək vəzifəli məmurları sırasında çəkilməyə başladı. O, Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi rəisinin birinci müavinidir.

O, 2017-ci ildə Ali Xalq Məclisinə deputat seçilib. Sonrakı illərdə K.Y.Çjon dövlət əhəmiyyətli tədbirlərdə və görüşlərdə qardaşını müşayiət edib. ABŞ - Şimali Koreya danışıqlarında aparıcı fiqurlardan olub. O, Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşlərin hamısında iştirak edib.

2018-ci ilin aprelində Kim Yo Çjon Cənubi Koreya tərəfi ilə danışıqlar zamanı iki dövlətin birləşdirilməsini tezləşdirilməsini təklif etməklə də yadda qalıb.

Deməli, K.Y.Çjon həm Cənubi Koreya ilə birləşməyin, həm də ABŞ-la əməkdaşlığın tərəfdarı sayılır. Hakimiyyətin törətdiyi bir sıra qanlı hadisələrdə isə onun adı hallanmır. Hakimiyyət daxilində qayınatasının timsalında dəstəyi, gəncliyi, ailəyə mənsubluğa və başqa məlum olmayan keyfiyyətləri onun dövlət başçısı olmaq imkanlarını artırır. Daxili üstünlükləri imkan versə də, xarici amillərin də bunu təsdiqləməsi az əhəmiyyət daşımır. Bu baxımdan ehtimal etmək olar ki, başlıca sponsor sayılan Çinin Şimali Koreyaya göndərdiyi heyət həm də varis məsələsini müzakirə edib. Bütün hallarda Kim Çen In dövlət başçısı kimi yenidən fəaliyyətini davam etdirsə belə Kim Yo Çjonun kölgəsi də həmişə görünəcək.

Son xəbərlər

Orphus sistemi