“Facebook”un kriptovalyutası sosial media nəhənginə nələr vəd edir? - ANALİTİKA

“Facebook”un kriptovalyutası sosial media nəhənginə nələr vəd edir? - ANALİTİKA Bu həftənin əvvəlində sosial media nəhəngi “Facebook” şirkəti aylardır söhbəti gedən “Libra” adlı şəxsi kriptovalyutasının təqdimatını həyata keçirdi. Yeni kriptovalyutanın əsasını 18 iyunda testinə start verilən “Libra” qapalı blokçeyni təşkil edir. Açıq blokçeyn olan “Bitcoin” və “Ethereum”dan fərqli olaraq, burada qovşaqları işə salmaq icazəsi yalnız “Libra Association” adlı konsorsiumun 27 üzvünə, o cümlədən “Visa”, “Mastercard”, “Uber”, “Vodafon”a məxsusdur.
Analitika
22 İyun , 2019 12:24
“Facebook”un kriptovalyutası sosial media nəhənginə nələr vəd edir? - ANALİTİKA

Bu həftənin əvvəlində sosial media nəhəngi “Facebook” şirkəti aylardır söhbəti gedən “Libra” adlı şəxsi kriptovalyutasının təqdimatını həyata keçirdi. Yeni kriptovalyutanın əsasını 18 iyunda testinə start verilən “Libra” qapalı blokçeyni təşkil edir. Açıq blokçeyn olan “Bitcoin” və “Ethereum”dan fərqli olaraq, burada qovşaqları işə salmaq icazəsi yalnız “Libra Association” adlı konsorsiumun 27 üzvünə, o cümlədən “Visa”, “Mastercard”, “Uber”, “Vodafon”a məxsusdur.

Tranzaksiyaların yoxlanılması üçün istifadə olunacaq alqoritm saniyədə 1000 tranzaksiyanın həyata keçirilməsini təmin etməlidir. Qərarların qəbulunda daha çox iştirakçı təmin etmək üçün müəyyən müddətdən sonra “Libra”nın blokçeyninin açıq olacağı gözlənilir. “Libra” ilə ticarəti asanlaşdırmaq üçün isə birjalar yaradılacaq.

“Report”un analitik qrupu hesab edir ki, ən azından ilkin mərhələdə “Libra” klassik mənada anlaşılan kriptovalyutadan daha çox ənənəvi pul köçürmə sistemlərinə blokçeyn əsaslı alternativ olacaq. Yeni rəqəmsal valyuta “Bitcoin”in təklif etdiyi azadlıq dərəcəsindən uzaq olsa da, milyardlarla istifadəçiyə blokçeyn vasitəsilə dəyər köçürmələrini həyata keçirməyə imkan verəcək.

Onun aparıcı valyutalara və dövlət qiymətli kağızlarına, yəni real aktivlərə bağlı olan “steyblkoin” adlanan valyuta olması faktoru spekulyasiyaların qarşısını almaqla altkoinin volatilliyini aşağı salacaq.

“Libra”nın tətbiqi ilk növbədə pul köçürmələri sferasına təsir edəcək ki, bu da yüksək xərcli vasitəçiliyin aradan qaldırılmasına gətirəcək. İlkin mərhələdə tranzaksiyalara görə cüzi komissiyanın tutulması isə ödənişləri maksimal dərəcədə əlçatan edəcək. Şirkət faktiki olaraq özünə daha bir iri gəlir mənbəyi təmin etmiş olacaq. Platforma “Facebook”a bazara yeni məhsullar çıxarmaq üçün də mühüm imkanlar yaradacaq.

Məlumdur ki, əksər kriptovalyutaların gündəlik həyatda istifadə imkanları müşkül məsələdir. Bu mənada “Libra” istifadəçilərə geniş imkanlar vəd edəcək və kifayət qədər rahat olacaq.

“Facebook” onsuz da istifadəçilər haqda kifayət qədər geniş məlumatlara malik idi. “Libra” sayəsində isə sosial şəbəkə faktiki olaraq istifadəçilərin istehlak vərdişlərinə nəzarət etmək imkanı əldə edəcək.

“Facebook” kimi nəhəngin ənənəvi maliyyə sektoruna alternativ görülən bir sferaya gəlişi beynəlxalq tənzimləyicilərin nəzərindən kənarda qala bilməzdi. Təqdimatın dərhal ardınca ABŞ Nümayəndələr Palatasının sədri Maksin Voters bu təşəbbüsü “Facebook”un idarə olunmayan ekspansiyasının növbəti misalı kimi dəyərləndirərək sosial şəbəkəni “Libra” layihəsi üzərində aparılan işləri dayandırmağa çağırdı. 16 iyulda isə ABŞ senatının bank işləri üzrə komitəsində “Libra” layihəsinə və onunla bağlı risklərə dair “Facebook”un nümayəndələrinin iştirakı ilə dinləmə keçiriləcək.

Fransa maliyyə naziri Bruno Le Mer “Libra”nın suveren valyutaya çevrilməsinin mümkünsüzlüyünü bəyan etdi. İngiltərə Bankının rəhbəri Mark Karni isə layihənin ümümdünya tənzimlənməsində ən yüksək standartlara uyğun olmalı olduğunu vurğulayıb. Birləşmiş Krallığın Mərkəzi Bankı yeni kriptovalyutanı G7 ölkələri, Beynəlxalq Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu, həmçinin Maliyyə Sabitliyi üzrə Şura da daxil olmaqla müxtəlif tənzimləyicilərlə çox diqqətlə öyrənmək niyyətindədir.

ABŞ-ın Mərkəzi Bank funsiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauell isə “Libra”nın ABŞ-ın pul siyasətinə mümkün təsirindən narahat olmadığını deyib. Onun sözlərinə görə, çətin ki, rəqəmsal valyutaların Mərkəzi Banklara təsiri bir o qədər güclü olsun.

Son xəbərlər

Orphus sistemi