Azərbaycanın qələbəsi – işğalçının Qarabağdan qovulması

Azərbaycanın qələbəsi – işğalçının Qarabağdan qovulması Ancaq bu döyüşlər Ermənistanın bütün istəklərinin alt-üst etdi.
Analitika
12 Noyabr , 2020 15:13
Azərbaycanın qələbəsi – işğalçının Qarabağdan qovulması

Azərbaycan 44 günlük müharibədə bölgədə yeni şərait yaratdı. Ermənistan danışıqlar yolu ilə çıxmaq istəmədiyi işğal etdiyi torpaqlardan hərb yolu ilə qovuldu. Bundan başqa, düşmən ordusu darmadağın edildi. Ermənistana 2 milyard ABŞ dollarından artıq məbləğdə ziyan vuruldu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ermənistanın isə kapitulyasiyası ilə nəticələndi. Döyüşlər ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Eyni zamanda Azərbaycanın incisi olan Şuşa şəhəri düşməndən azad edildi. Şuşanın azad olunması tarixi, hərbi, siyasi, sosial, mənəvi və mədəni baxımdan çox əhəmiyyətlidir. Odur ki, bu şəhərin azad edilməsi düşmənin tam məğlubiyyətinin əsasını qoydu. Şuşanın ardınca Azərbaycan əsgəri bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü. Ermənistanı danışıqlara getməyə və məğlubiyyətə məcbur etdi.

Ötən 30 il ərzində Ermənistan Qarabağla bağlı planlarını danışıqlar prosesi ilə həyata keçirmək niyyətində idi. Ermənilər bununla Qarabağın işğalına hüquqi don geyindirməyə və Azərbaycan ərazilərini ələ keçirməyə cəhd göstərmişdi. Ancaq bu döyüşlər Ermənistanın bütün istəklərini alt-üst etdi. Onlar nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi.

Atəşkəsdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Dağlıq Qarabağın heç bir statusu olmayacaq. Bununla birlikdə həm də ermənilərin ikinci erməni dövləti yaratmaq arzusu gözlərində qaldı. Azərbaycan Ordusu Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planlarını pozdu. Hazırda Dağlıq Qarabağın böyük bir hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altındadır.

Uzun illərdir Ermənistan ordusu və onların malik olduğu silah, hərbi texnika barəsində mif yaradılmışdı. Belə təbliğat aparılırdı ki, onların ordusu çox güclüdür və Azərbaycan döyüşsə, çoxlu sayda itki verəcək və heç nəyə nail olmayacaq. 2016-cı ilin aprelində əsası qoyulan uğurlu hərbi əməliyyatlar sentyabrın 27-dən sonra da davam etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış bu mifi 44 günə dağıtdı. Bölgədə maraqları olan bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Ordusu və ictimaiyyəti Qarabağı hərbi yolla azad etmək istədiyini və onu düşməndən təmizləməyə qadir olduğunu göstərdi. Müxtəlif maraqların uzun illərdir bölüb parçalamağa çalışdığı Azərbaycan cəmiyyəti ideal milli birlik nümayiş etdirdi. Azərbaycanın maraqlarını nəzərə almadan, onun ərazi bütövlüyü və suveren hüquqlarının pozulmasına göz yumub, Qarabağdakı ermənilərin qanunsuz əməllər törətməsinə imkan verən, şərait yaradan beynəlxalq vasitəçilərin istəkləri reallaşmadı. Azərbaycan sübut etdi ki, razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında razılıq əldə edildi. Bu Ermənistanın məğlubiyyətinin rəsmiləşdirilməsidir. Bəyanat hərbi uğurların təsdiqidir. Elə bu səbəbdən hərbi uğurlar nəticəsində inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Bu isə Azərbaycanın bölgədəki vəziyyətə nəzarət etmək imkanlarının artması deməkdir. Bu sənəd Ermənistanın məğlubiyyəti ilə yanaşı, həm də işğalçı olduğunu bir daha təsdiqlədi. Qələbə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddialarını darmadağın etdi. Bütün məsələlər yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll olunur.

Son xəbərlər

Orphus sistemi