Erməni xisləti: 20 yanvar günü konsert verəcək - ŞƏRH

Erməni xisləti: 20 yanvar günü konsert verəcək - ŞƏRH Xocalı soyqırımının ildönümü günündə isə Təbrizdə Nizami Gəncəviyə həsr olunan konfrans keçiriləcək
Analitika
18 Dekabr , 2017 15:26
Erməni xisləti: 20 yanvar günü konsert verəcək - ŞƏRH

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan tarixində hüznlə yad edilən və hələ uzun illər yad ediləcək günlər var. Təəssüf ki, yanvarın 20-si və fevralın 26-sı belə günlərdəndir. Gələn il 20 Yanvar hadisəsinin 27-ci, Xocalı soyqırımının isə 26-cı ildönümüdür. Hər iki faciənin yaşanmasında da məhz ermənilər əsas rol oynayıblar.

1990-cı il yanvarın 20-də keçmiş sovet rəhbərləri bildirirdi ki, “erməni qırğını"nın qarşısını almaq və ekstremistləri “cəzalandırmaq” üçün Bakıya qoşun yeridiblər. Fevralın 26-da isə Rusiyanın 366-cı motoatıcı alayı bölgədə erməni silahlıları ilə birlikdə Azərbaycan türklərinə qarşı soyqırımı törədiblər. Hər iki faciənin təşkilatçıları da məlumdur və sağdırlar. Yanvarın 20-si və fevralın 26-sını dünya azərbaycanlıları Azərbaycanı sevərlərlə birlikdə yad edirlər. Heç şübhəsiz, ermənilər hər iki tarixi özləri üçün "əhəmiyyətli" sayırlar.

Fransanın erməni əsilli tanınmış müğənnisi Şarl Aznavur gələn ilin yanvarın 20-dən fevralın 6-dək konsert proqramı ilə çıxış edəcək. Əslində, ilk baxışdan “burada qəribə nə var ki?!”, yaxud “bu təsadüfidir”, “əhəmiyyət vermə” deyənlər də tapılar. Ancaq “1915-ci il erməni soyqırımı"nı müdafiə etməyən, Dağlıq Qarabağdakı erməni separatçılarını dəstəkləməyən tanınmış erməni, demək olar, yoxdur. Şarl Aznavur da bu iki “məsələ"ni tərəfdarlarındandır. Bir neçə il əvvəl Şarl Aznavur bildirmişdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından Azərbaycan ziyan çəkəcək: “Ona görə də Azərbaycan sərhədlərin açılmasına qarşıdır və bundan narahatdır”.

Bu yaxınlarda İsraildə səfərdə olan Şarl Aznavur yerli rəsmilərlə görüşündə onlara “erməni soyqırımını niyə tanımadıqları” haqqında sual verib. O, bu məsələnin dünyada ən kəskin müdafiəçilərindəndir. Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonlarında da separatçıları dəstəkləyir. 2016-cı ilin aprelində baş verən döyüşlər zamanı Ş.Aznavur Fransanın o vaxtkı prezidenti Fransua Ollandla görüşüb, ondan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşin dayandırılmasına yardım göstərməsini istəmişdi. Onun “Facebook” səhifəsində Dağlıq Qarabağda baş verənlərə görə Azərbaycan tərəfini ittiham edən məlumatlar yayılmışdı. Ş.Aznavur Fransanın indiki prezidenti Emmanuel Makronu Ermənistana dəvət etmək niyyətində olduğunu da vurğulayıb. Bu adam mahnı oxuyub insanları daha humanist işlərə çağırsa da, əməldə işğalı və işğalçı dövləti müdafiə edir. Müğənni dünya ermənilərini Ermənistana sərmayə qoymağa çağırır. 2009-cu il mayın 18-22-də isə onun böyük qızı Seda Aznavur Ermənistan və Dağlıq Qarabağda konsert proqramı ilə çıxış edib. Bir ilə əvvəl isə Ş.Aznavurun Dağlıq Qarabağa səfəri əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı. Çox maraqlıdır ki, o, çıxışlarında siyasətdən kənar adam olduğunu desə də, ancaq fəaliyyətində bir qayda olaraq erməni kini və iddiasına qulluq edir.

Sadaladıqlarımızdan belə nəticəyə gəlmək olar ki, Ş.Aznavur 1990-cı il yanvarın 20-də Azərbaycanda, o cümlədən Bakıda baş verənlərdən xəbərdardır. Çünki o, ermənilərin düyanda “haqlarının qatı müdafiəçilərindəndir”. Ona görə də yanvarın 20-də Fransada konsert proqramı ilə çıxş etməsi də düşünülmüş, bilərəkdən atılan addımdır.

Bu arada gələn il fevralın 26-da Təbrizdə yerli universitetin “Vəhdət” zalında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilən beynəlxalq elmi konfrans keçirilməsi nəzərdə tutulub. Tədbirin katibi Əbülfəzl Qənizadə deyib: “Konfransın keçirilməsində məqsəd İran İslam mədəniyyətinin yaşaması və fars mədəniyyətinin dəstəklənməsidir”.

Onun sözlərinə görə, tədbirin təşkilatçıları Təbriz Universiteti, Azad İslam Universiteti, Farhangian Universiteti, Şərqi Azərbaycan “Pəyami Nur” Universiteti, “Cihat” Universiteti, Aran Kültür İnstitutu, Təbriz şəhər Bələdiyyəsi, İran dili və ədəbiyyatı Cəmiyyəti və başqalarıdır. Ə.Qənizadə konfransa Azərbaycan, Türkiyə, Tacikistan, İraq, Suriya, Misir və s. ölkələrdən mütəxəssislərin qatılacağını qeyd edib. Əslində, konfransı keçirməkdə məqsəd daha çox Nizami Gəncəvinin fars şairi olduğunu təbliğ etməkdir. Çünki İran rəsmiləri və qeyri-rəsmiləri hətta Azərbaycana səfərlərində belə bunu açıq-aşkar söyləyiblər.

Məsələnin digər tərəfi isə tədbirin fevralın 26-da Azərbaycan üçün faciəli sayılan bir gündə keçirilməsidir. Yenə laqeydlər və iranyönlülər burada etiraz ediləcək heç nəyin olmadığı iddiasına düşə bilərlər. Ancaq elə həmin Təbriz Universitetində 20 Yanvar və Xocalı faciələrinin yad edilməsi üçün tədbirlərin keçirilməsinə dəfələrlə icazə verilməyib. Bu ilə Nizami Gəncəvi adı ilə İran iki hədəfi birdən vurmaq istəyir: bir tərəfdən Azərbaycanın böyük şairinin fars olduğunu dünyaya car çəkmək, digər tərəfdən isə Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsinə bu sayaq əngəllərlə mane olmaq. Belə konfranslar vasitəsilə Təbrizdə Xocalı faciəsi ilə bağlı ehtimal edilən tədbirin keçirilməsinin qarşısını alırlar. İranda Azərbaycanla bağlı, xüsusən də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan günlərdə bu sayaq mərasimlərin keçirilməsinin qarşısının alındığına və belə tədbirlərin təşkilatçılarına, habelə iştirakçılarına təzyiq edildiyinə dair çoxsaylı faktlar var.

Beləliklə, Şarl Aznavurun yanvarın 20-də Fransada verəcəyi konsert də, fevralın 26-da Təbrizdə Nizami Gəncəvi ilə bağlı keçiriləcək konfrans da Azərbaycan üçün eyni mahiyyətə malikdir. 

Son xəbərlər

Orphus sistemi