Erməni əsgər analarının cəzası - Qarabağda oğul itkiləri - ŞƏRH

Erməni əsgər analarının cəzası - Qarabağda oğul itkiləri - ŞƏRH Ermənistanda sıravi xidmətə yararsız vətəndaşlar hərbi xidmətə cəlb edilirlər
Analitika
13 İyun , 2017 13:30
Erməni əsgər analarının cəzası - Qarabağda oğul itkiləri - ŞƏRH

Bakı. 13 iyun. REPORT.AZ/ Hay-küy salmaqla özünü müstəqil, qüdrətli göstərməyə çalışan Ermənistanda sıravi xidmətə yararsız vətəndaşlar hərbi xidmətə cəlb edilirlər.

Bununla bağlı çoxsaylı faktlar belə bir ölkənin ordusunun Azərbaycan torpaqlarını işğal altında saxlamağa qadir olmadığını təsdiqləyir. Belə bir şərait onu da təsdiqləyir ki, Dağlıq Qarabağ xarici qüvvələrin yardımı ilə işğal altındadır.

Ötən gün Ermənistan silahlı qüvvələrinin keçmiş əsgəri Artur Asanyanın səhhətində yaranmış problemlə bağlı anası Əsli Asanyan yetkinlik yaşına çatmayan qızı ilə birlikdə hökumətin yerləşdiyi binanın qarşısında aclıq aksiyası keçirir. O, Ermənistan Müdafiə Nazirliyindən hərbi xidmətdən yararsız tərxis edilən oğlunun müalicə xərclərinin ödənilməsinin tələb edir. Artur Asanyan 23 aydan sonra sıravi hərbi xidmətə yarasız elan olunaraq tərxis edilib. O, etiraz aksiyası keçirilənədək Müdafiə Nazilriyində hansısa generalın qəbulunda olub. 

“O, mənə dedi: “Oğlun Qırmızı Xaçın xəstəxanasında müalicə olunur. Nə qədər yaşayar, yaşayar”. Mən ona bildirdim ki, sağlam oğul vermişəm, qaytarın mənim sağlam oğlumu”, - Əsli Asnayan vurğulayıb.

Ermənistan mətbuatının yazdığına görə, Artur Asanyana spinal amiotrafiya (hərəkətin və hissiyyatın itirilməsi), qastrit, bulbit (12 barmaq bağırsağın iltihabı) diaqnozu qoyulub. Bu xəstəliklər fiziki təzyiqlərə məruz qaldıqda, zəif qidalandıqda baş qaldırır.

Ermənistan Müdafiə Nazirliyi Artur Asanyanın hərbi xidmət zamanı xəstələndiyini etiraf edib. Spinal amiotrafiya isə həm də irsi xəstəliklərdən sayılır.

Əsli Asanyan ölkəsinin baş naziri və müdafiə nazirinə dəfələrlə müraciət etdiyini və indiyədək heç bir yardım edilmədiyini bildirib.

Artur Asanyan qeyri-döyüş şəraitində xəstələnib. O, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edirmiş.

Ümumiyyətlə, Ermənistanda əsgərlərin ölüm faktları ilə bağlı cinayət işləri də ört-basdır edilir.

Bu yaxınlarda Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgər anaları ölkə prezidentinin ofisi qarşısında növbəti etiraz aksiyası keçirmişdilər.

Onlar oğlanlarının ölümü ilə bağlı istintaq işinin düzgün getmədiyinə diqqəti bir daha çəkmək istəyiblər.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda qeyri-döyüş şəraitində ölən Artur Qazaryanın anası İrina Qazaryan deyib: "Əgər öldürülməsəydi, oğlumun 26 yaşı olacaqdı. Oğlumu 18 yaşında bu cinayətkarlar Qarabağa göndərdi. Serj Sarqsyan oğlumun qatili Martin Cangiryana medal verdi”.

Qeyri-döyüş şəraitində ölən Varli Muradyanın anası Nana Muradyan isə bildirib ki, oğlunun ölümü ilə bağlı cinayət işi 4 ay əvvəl açılıb: "Bu müddət ərzində hüquq-mühafizə orqanları heç bir fəaliyyət göstərməyib".

Azərbaycanın işğal altında olan Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən erməni əsgər Davit Tadevosyan əvvəl Cəbrayıl, sonra Xankəndi hospitalına və mayın 1-də Yerevana təxliyə edilib.

İki həftədir huşsuz vəziyyətdə olan erməni əsgərin anası bildirib ki, Ermənistan Müdafiə Nazirliyindən heç kəs hərbçi ilə maraqlanmayıb.

Ararat rayon Yeğeqnavan kənd sakini Tadevosyanlar ailəsinin digər oğlu da orduda xidmət edib və xidmət zamanı burnu qırılsa da, əməliyyat üçün hərbi qurumlar tədbir görməyib.

Xəstəxanalarda qalan ailənin evinin qaz təminatı da kəsilib, erməni əsgərə olan münasibətdən şikayətçi olan valideyn onun xəstəliyinin səbəblərinin açıqlanmadığını qeyd edib. Xəstəxanada əsgərə epilepsiya diaqnozu qoyulsa da, xəstəliyin səbəbləri tam açıqlanmayıb və vəziyyətinin ağır olduğu qeyd edilib.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib. Qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb. Hadisə ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Əsgər anaları bildiriblər ki, oğulları Ermənistan Müdafiə Nazirliyinin "Bu mənəm" proqramının qurbanıdırlar: "Kasıb ailələrin oğulları bu proqram əsasında Qarabağda xidmət etməyə göndərilir. Bu proqram isə varlıların, imkanlıların oğullarının çətin yerlərdə xidmət etməsinin qarşısını alır".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin "Bu mənəm" proqramı əsasında Azərbaycanın işğal altında olan torpaqlarında, Azərbaycan-Ermənistan sərhədində üç il hərbi xidmət edən hərbçilərə müddət ərzində 5 milyon dram (10 min dollardan çox) məbləğində pul verirlər.

Mütəxəssislər hesab edirlər ki, Ermənistanda valideynlər öz övladlarını Dağlıq Qarabağda hərbi xidmət etməsindən yayındırırlar. Maddi cəhətdən imkanlılar rüşvət verərək buna nail olurlar. Ona görə də yoxsul və hərbi xidmətə yararsız Ermənistan vətəndaşları Qarabağa Azərbaycan torpaqlarını işğal altında saxlamağa göndərilir.

Ordu həm də bir dövlətin və cəmiyyətin güzgüsü sayılır. Ermənistan ordusunda baş verənlər bu ölkənin vəziyyətini əks etdirir. Çünki Dağlıq Qarabağ heç bir zaman erməni torpağı olmayıb. Onlar bu torpaqlarda işğalçıdır. Erməni anaları isə oğullarının başqasının torpağında ölməsinə yol verdikləri üçün haqlı cəzaya, övlad itkilərini yaşamağa məhkum olublar.

Son xəbərlər

Orphus sistemi