Bakı. 29 noyabr. REPORT.AZ/ "Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili təcrübəli diplomat olaraq xarici siyasətə təsir göstərməyə çalışacaq."
Bunu "Report"a Gürcüstandakı prezident seçkilərinin yekunlarını şərh edən politoloq İlqar Vəlizadə deyib.
“Gürcüstanda icra hakimiyyəti əsasən Nazirlər Kabinetinin əlində cəmləşib, yəni ölkəni Baş nazir idarə edir, xarici siyasətin də formalaşmasında məhz o məsuliyyət daşıyır”, – politoloq bildirib.
O, Prezidentin əslində təmsilçilik səlahiyyətləri daşıdığını xatırladıb: “Əlbəttə, xarici siyasətin formalaşdırılmasına müəyyən təsir göstərə bilər, amma hökumətin xarici siyasətini təyin edə bilməz, Konstitusiyaya görə belə səlahiyyəti Nazirlər Kabineti daşıyır”.
Azərbaycanla Gürcüstan arasında həm geniş hüquqi bazaya əsaslanan müqavilələrin, həm də müxtəlif regional formatlar çərçivəsində qurulan əlaqələrin olduğunu diqqətə çatdıran İ.Vəlizadə deyib: "Gürcüstan Prezidenti və ya Baş naziri kürsüsündə məhz kimin əyləşməsinə baxmayaraq, iki ölkənin münasibətləri bundan əsaslı şəkildə təsirlənməyəcək".
“Həm mövcud müqavilələr, həm də geosiyasi şərtlər bizi əməkdaşlığa məhkum edir”, – ekspert əlavə edib.
Yeni Prezidentin şəxsi keyfiyyətlərinə toxunan politoloq Salome Zurabişvilini xeyli iddialı və savadlı siyasətçi, beynəlxalq münasibətlər sahəsində peşəkar kimi səciyyələndirib.
"Gürcüstan Prezidenti və ya Baş naziri kürsüsündə məhz kimin əyləşməsinə baxmayaraq, iki ölkənin münasibətləri bundan əsaslı şəkildə təsirlənməyəcək".
İlqar VəlizadəПолитолог Ильгар Велизаде:
“O, bu sahədə uzun illərdir çalışır. Təbii ki, belə bir adamın sakitcə oturmaqdansa, xarici siyasətə təsir göstərməyə çalışacağını güman etmək lazımdır. Xatırlatmaq yerinə düşər ki, S.Zurabişvili xarici işlər naziri vəzifəsində oarkən Gürcüstan – Azərbaycan – Türkiyə üçtərəfli formatının əsasını qoyanlardan olub, həmin formatın ilk görüşündə olmasa belə, sonrakı görüşlərdə iştirak edib”, – İ.Vəlizadə vurğulayıb.
Politoloq Gürcüstanın yeni dövlət başçısının təcrübəli diplomat olaraq əməkdaşlıqda mövcud hüquqi bazaya istinad edəcəyini dilə gətirib: “Yeni Prezident Azərbaycanla ikitərəfli münasibətlərin məğzinə, Gürcüstanın xarici siyasətindəki yeri və əhəmiyyətinə əsaslı şəkildə bələddir”.