Ekspert: "Rusiya indi əvvəlki kimi Ermənistana asan şəkildə təsir edə bilmir" - RƏY

Ekspert: "Rusiya indi əvvəlki kimi Ermənistana asan şəkildə təsir edə bilmir" - RƏY Aleksey Fenenko: "Dağlıq Qarabağ üzrə danışıqlar prosesində açıq-aydın böhran yaranıb"
Analitika
15 Noyabr , 2017 13:03
Ekspert: Rusiya indi əvvəlki kimi Ermənistana asan şəkildə təsir edə bilmir - RƏY

Moskva. 15 noyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrlərinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü danışıqlar prosesinin Vyana razılaşmaları üzrə bərpa edilməsini nəzərdə tutur."

Bu barədə "Report"un Rusiya bürosuna rusiyalı politoloq Aleksey Fenenko bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar prosesində açıq-aydın böhran yaranıb və buna son qoymaq lazımdır.

"Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistan qoşunlarının işğal olunmuş bir neçə rayondan çıxarılması ilə eyni anda siyasi dialoqun başlanmasını nəzərədə tutan razılaşmalar əldə olunmuşdu. Söhbət statusu sonradan müəyyən ediləcək Dağlıq Qarabağdan yox, onun ətrafındakı işğal olunmuş rayonlardan gedir. Bu il yarım ərzində danışıqlar prosesi dalana dirənib və indi danışıqları intensivləşdirmək lazımdır. Məncə, nazirlərin görüşü razılaşmların qüvvədə olub-olmadığını müəyyənləşdirmək üçündür. Danışıqlar prosesində irəliləyiş isə o halda mümkündür ki, tərəflər prosesin uğursuzluğa düçar olduğu təqdirində, real təhlükə yarandığını hiss etsinlər", - A.Fenenko bildirib.

Ekspert hesab edir ki, danışıqların uzadılması bir neçə səbəbdən, o cümlədən Ermənistandakı daxili siyasi vəziyyətə və amerikalıların Ermənistan tərəfinə dəstək verməsi ilə bağlı heç də birmənalı olmayan bəyanatlarına görə baş verir.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötənilki sammitində ağır zərbə alıb: müttəfiqlər Dağlıq Qarabağın yox, Ermənistanın müstəqilliyini təmin etdiklərini aşıq şəkildə bildiriblər. Bu, Qarabağ klanın və millətçilərinin fəallaşmasına gətirib çıxardı və onlar Ermənistan rəhbərliyindən Qarabağın müdafiəsi üçün sərt addımlar atmağı tələb etdi", - A.Fenenko vurğulayıb.

Onun sözlərinə görə, son illərdə Ermənistan NATO ilə ciddi şəkildə yaxınlaşmağa başlayıb, buna görə də Rusiya ona qarşı münasibətdə balanslaşdırılmış siyasət həyata keçirmək qərarına gəlib.

"Buna qədər Rusiyanın hakim dairələri Ermənistanı Azərbaycan ilə müqayisədə daha sadiq müttəfiq və daha əlverişli tərəfdaş hesab edirdi. Digər tərəfdən, Azərbaycanın artan iqtisadi gücü və Rusiya ilə iqtisadi əlaqələrin inkişafı müəyyən siyasi dəstək də təmin edir", - rusiyalı politoloq bildirib.

Onun sözlərinə görə, indi artıq Rusiya ötən əsrin 90-cı illərində olduğu kimi, Ermənistana asan şəkildə təsir edə bilmir, amma Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması Rusiyanın əlində təsir "rıçaq"larının da olduğunu söyləməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi