Donald Tramp - Kim Çen In sammiti - 38 dəqiqəlik görüş, 38-ci paralelin taleyi - ŞƏRH

Donald Tramp - Kim Çen In sammiti - 38 dəqiqəlik görüş, 38-ci paralelin taleyi - ŞƏRH Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 12-də dünya ictimaiyyəti 21-ci əsrin ən böyük hadisələrindən birinə şahidlik etdi.
Analitika
12 İyun , 2018 12:19
Donald Tramp - Kim Çen In sammiti - 38 dəqiqəlik görüş, 38-ci paralelin taleyi - ŞƏRH
REUTERS/Jonathan Ernst
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 12-də dünya ictimaiyyəti 21-ci əsrin ən böyük hadisələrindən birinə şahidlik etdi. 

Dünyanı, eləcə də Asiyanı öz atom-nüvə silahı ilə təhdid edən bir ölkə 65 il bağlı qalan qapılarını beynəlxalq ictimaiyyətə açmağa razılıq verdi, habelə nüvə arsenalını məhv edəcəyi ilə bağlı sənəd imzalayacağını bəyan etdi.

İyunun 12-də ABŞ Prezidenti Donald Trampla Şimali Koreya Əmək Partiyasının sədri, ölkə lideri Kim Çen In arasında Sinqapurda zirvə toplantısı keçirilib. Görüşün yekununa dair Tram və In sənəd imzalayıb.

Sammit iki liderin təkbətək görüşü ilə başlayıb, 38 dəqiqə davam edib. Yeri gəlmişkən, bu rəqəm adi sayılmır. 65 il əvvəl 38-ci paralel Şimali Koreya və Cənubi Koreya arasında sərhəd olaraq götürülmüşdü. Odur ki, bir zaman ayrılığa, gərginliyə, düşmənçiliyə, müharibənin başlaması üçün bəhanəyə xidmət edən 38 rəqəminin zirvə toplantısından sonra dünya üçün daha xoşməramlı məqsədlərə xidmət edəcəyini ehtimal etmək olar.

İki ölkənin rəsmi nümayəndə heyətlərinin görüşü 2 saat sürüb.

Bu görüş zamanına görə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanla keçmiş SSRİ-nin lideri, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov arasında 1985-ci il noyabrın 19-da Cenevrədə keçirilən sammit qədər əhəmiyyətlidir. O qarşılaşma “soyuq müharibə”nin başa çatmasının başlanğıcı oldu. Reyqan-Qorbaçov sammiti dünyanın siyasi xəritəsinin dəyişməsinin təməlini qoydu.

Şimali Koreya da “soyuq müharibə” illərinin “yadigarıdır”. Donald-Kim zirvə toplantısı bu “soyuq” münasibətə istilik gətirdi. Bununla da Asiyada, dünyanın o başında əməkdaşlıq, sülh və bütövləşmə üçün ümidlər artdı.

Bu görüşdən narahat olanlar da yox deyil. Onun perspektivindən İran və Şimali Koreyanı himayə edənlər indi daha çox təşviş keçirilər. Onlar ABŞ-la Şimali Koreyanın yaxınlaşmasından narahatlıq keçirir, ehtiyatlanırlar.

Hələ ötən il Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanı İran və Şimali Koreya ilə bir sıraya qoymasına etiraz etmişdi. O, ölkəsinin Şimali Koreyanı nüvə nəhəngi kimi tanımadığını vurğulayıb. Vladimir Putin onu da demişdi ki, Qərb rəsmi Pxenyanı silah sazişindən çıxmağa doğru təxribata çəkib.

Rusiya prezidenti Şimali Koreyanın silahlanma və nüvə silahını sınaqdan çıxarmasına da haqq qazandırmışdı: “Liviya və İraq ilə bağlı vəziyyətlərdən sonra KXDR başqa çıxış yolu görmür və müdafiə olunur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Bu günlərdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın XİN başçısı Li En Xo ilə Pxenyanda keçirdiyi görüşdən sonra bildirib ki, Koreya yarımadasında nüvə böhranı mərhələli həll edilməlidir.

“Sanksiyalar məsələsinə gəldikdə, tamamilə aydındır ki, Koreya yarımadasının nüvə probleminin həlli ilə bağlı bütün danışıqların başlanmasına baxmayaraq, bu qadağa qaldığından proses tamamlana bilməz”, - deyə S.Lavrov vurğulamışdı. O, Koreya yarımadasında nüvəsizləşməyə bir müzakirə ilə nail olmağın mümkünsüzlüyünü də qeyd etmişdi.

Kreml təmsilçilərinin narahatlığını təbii də qəbul etmək olar. Çünki Moskva 65 ildir Koreya yarımadasındakı bu ölkəni bütün sahələrdə dəstəkləyib. Bu dövlətin qurulmasında başlıca rol oynayıb. Şimali Koreyanın atom texnologiyasına nail olmasında xidməti olub. Bütün bu olanlardan sonra Kim Çen Inın Rusiyaya qarşı sanksiya tətbiq edən ABŞ prezidenti Donald Trampla görüşü Kremli narahat etməyə bilməz.

Şimali Koreyanın Rusiya ilə sərhəddə yerləşdiyini də nəzərə almaq lazımdır.

Uzun illər ABŞ Şimali Koreyadan İrana nüvə və ballistik raket texnologiyası verməkdə şübhələnirdi. Elə ötən illərdə Tehranla Pxenyan arasında çox güclü əlaqə də mövcud olub.

Məsələdə maraqlı olanlardan, görüşü əngəlləyə biləcək dövlətlərdən biri də Çin idi. Sammitdən əvvəl Pekinlə Vaşinqton arasında iqtisadi-ticarət məsələləri üzrə anlaşmalar Çinin neytrallaşdırılmasına, onun sammitin baş tutmasına yardım etməsi ilə müşayiət edildi.

İyunun 11-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Tram-Kim görüşünü dəyərləndirərkən, Şimali Koreyaya ABŞ-la danışıqlarda ayıq-sayıq olmağa çağırıb. O, ABŞ-ın davranışına ölkəsinin bədbin yanaşdığını da vurğulayıb.

Beləliklə, Şimali Koreya lideri Kim Çen Inın dediyi kimi, çoxsaylı maneələr aşılaraq, dünya tarixində çox əhəmiyyətli sayıla biləcək bir sammit başa çatdı. Bundan sonra iki ölkə arasında əməkdaşlığın, Cənubi Koreya ilə münasibətlərin daha da yaxınlaşacağını ehtimal etmək olar. Təbii ki, bu istiqamətdə irəliləyiş ilk növbədə Şimali Koreyanın yarımadanın nüvəsizləşdirilməsi ilə bağlı atacağı addımlardan asılıdır. Baş verənlərə əsasən, Vaşinqton-Pxenyan yaxınlaşmasının dönməz xarakterli olacağını da ehtimal etmək olar. Şimali Koreya ilə yaxınlaşaraq, ABŞ tərəfdaş dövlətlər siyahısına daha birini də əlavə edə bilər.

Ona görə də Tramp-Kim görüşü böyük layihələrin reallaşmasının, əməkdaşlığın qurulmasının, hətta iki Koreyanın birləşməsinin təməlini atdı. ABŞ-ın keçmiş prezidenti oğul Corc Buş Şimali Koreya, İran və Kubanı vaxtı ilə “şər üçbucağı” da adlandırmışdı. Kuba ilə ABŞ arasında münasibətlərin inkişaf istiqamətində ciddi addımlar atılır. Bu Sammit “şər üçbucağı”nın birinin də bağlanması istiqamətdə perspektiv açıb.

Yeri gəlmişkən, iyunun 14-də Donald Trampın 72 yaşı tamam olacaq. Şimali Koreya lideri ilə görüş onun doğum günü hədiyyəsi də sayıla bilər. 

Son xəbərlər

Orphus sistemi