Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır - ŞƏRH

Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır - ŞƏRH Milli dövlət qurucuğulu tarixində Azərbaycan ABŞ-a həmişə böyük önəm verib. Rəsmi Bakı ilə Ağ Ev arasında normal münasibət olub. Azərbaycan hakimiyyətinin təmsilçisi ilə ABŞ Prezidenti arasında ilk görüşdən 123 il keçir. 1919-cu il mayın 28-də Paris sülh
Analitika
21 May , 2022 13:16
Baydenin məktubu: Azərbaycan dünya siyasətinin vacib tərəfdaşıdır - ŞƏRH
Cozef Bayden

Milli dövlət qurucuğulu tarixində Azərbaycan ABŞ-a həmişə böyük önəm verib. Rəsmi Bakı ilə Ağ Ev arasında normal münasibət olub. Azərbaycan hakimiyyətinin təmsilçisi ilə ABŞ Prezidenti arasında ilk görüşdən 123 il keçir. 1919-cu il mayın 28-də Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti və onun başçısı Əlimərdan Topçubaşovla Ağ Evin o vaxtkı sahibi Vudro Vilson arasında qısa görüş olub.

Doğrudur, bu görüş cümhuriyyətin gələcəyinə yardım etmədi. V.Vilson “Azərbaycan məsələsi Rusiyadan əvvəl həll ola bilməz” deyib, yeni yaranan müstəqil dövləti himayə etməkdən boyun qaçırdı. ABŞ başda olmaqla o vaxtkı qərb bloku bununla da Rusiya imperiyasının SSRİ adı altında dirçəlməsinə sanki yardım etmiş oldu. SSRİ-nin çöküşünün baş verməsi üçün isə 70 il gözləmək lazım gəldi.

ABŞ və onun lideri olduğu beynəlxalq qruplar, bloklar bir sıra məqamlarda keçmişdə buraxılan fürsətləri indi fərqli şəkildə dəyərləndirirlər. Bunu ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi son iki məktubdan da görmək mümkündür. Ağ Evin indiki sahibi bu il üçün ilk məktubu mart ayında göndərib. O, həmin məktubda Azərbaycan cəmiyyətini Novruz bayramı münasibətilə təbrik edərək, iki ölkə arasında əlaqələr, dünyanın enerjidaşıyıcıları təhlükəsizliyində rəsmi Bakının tutduğu mövqe, Cənubi Qafqazda yaranan yeni reallıqdan bəhs edib.

ABŞ Prezidentinin Azərbaycanın liderinə göndərdiyi məktubdakı vacib məqamlar

Baydenin İlham Əliyevə mayın 20-də ünvanladığı məktubda isə 7 vacib məqam vurğulanır.

Birincisi, ABŞ-Azərbaycan münasibətlərinin yaxın tarixi, ötən 30 il ərzində bu əməkdaşlığı verdiyi faydadan bəhs edib: “Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”.

İkincisi, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasına verilən mühüm əhəmiyyətini vuruğlayan Bayden bildirib:

“Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.

Üçüncüsü, o, Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini dəyərləndirib: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir”.

Dördüncüsü, Bayden Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini belə qiymətləndirib: “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.

Beşincisi, ABŞ lideri Azərbaycanın Cənubi Qafqazda oynadığı rolun və regionda yaranan yeni vəziyyətin əhəmiyyətindən bəhs edib: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Cozef Bayden bununla Azərbaycanın atdığı sülhməramlı addımları, regional əməkdaşlığa verdiyi üstünlüyü, Qafqaz və Trans-Xəzər bölgəsinin inkişafının vacibliyini vurğulayıb.

İlham Əliyev
İlham Əliyev

Altıncısı, ABŞ lideri demokratik idarəetməni və islahatların məqsədyönlüyünü qeyd edib. Bu, Azərbcayn Prezidentinin son illər islahatlar və idarəetmə istiqamətində atdığı mühüm addımların ABŞ tərəfindən izləndiyini deməyə əsas verir.

Yeddincisi, ABŞ keçmiş sovet respublikalarının müstəqilliyinə verdiyi dəyərdir. Cozef Bayden məktubunda Rusiyanın Ukraynaya qarşı müharibəsini beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışmaq kimi qiymətləndirib. Belə düşünmək olar ki, ABŞ 123 il əvvəl baş verənləri təkrarlamaq istəmir.

Görünür, Rusiya məsələsi ötən bu müddət ərzində beynəlxalq normalara cavab verə biləcək səviyyədə deyil. ABŞ onu artıq başlıca təhlükə mənbəyi olaraq görür. Odur ki, Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq enerji təhlükəsizliyi sahəsində oynadığı rola əhəmiyyət verir.

ABŞ Prezidentinin məktubu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətdir.

Məktub bir daha sübut edir ki, Azərbaycan dünya siyasətinin mühüm, o cümlədən enerji təhlükəsizliyi kimi məsələlərində vacib tərəfdaşdır.

Son xəbərlər

Orphus sistemi