Azərbaycan səfirliyinə hücum İranda diplomatik missiyalara ilk hücum deyil - ŞƏRH

Azərbaycan səfirliyinə hücum İranda diplomatik missiyalara ilk hücum deyil - ŞƏRH Azərbaycanın İrandakı səfirliyinə yanvarın 27-də silahlı hücum edilməsi İranın Vyana Konvensiyasının müddəalarına zidd olaraq bu ölkədəki diplomatik nümayəndəlikləri qorumaq iqtidarında olmadığını göstərən ilk hadisə deyil.
Analitika
27 Yanvar , 2023 16:10
Azərbaycan səfirliyinə hücum İranda diplomatik missiyalara ilk hücum deyil - ŞƏRH

Azərbaycanın İrandakı səfirliyinə yanvarın 27-də silahlı hücum edilməsi İranın Vyana Konvensiyasının müddəalarına zidd olaraq bu ölkədəki diplomatik nümayəndəlikləri qorumaq iqtidarında olmadığını göstərən ilk hadisə deyil.

“Report” xəbər verir ki, İranın hər hansı ölkə ilə münasibətlərində gərginlik yaranan kimi, bu dövlətlərin səfirliyi hər zaman qəribə səslənsə də, hökumətlə heç bir əlaqəsi olmayan qruplar və ya şəxslər tərəfindən hücuma məruz qalır.

Tarixə nəzər yetirsək, görərik ki, Rusiyanın Tehrandakı səfirliyinə hücum daxil olmaqla, oxşar silsilə hadisələr baş verib. Məsələn, 1829-cu ildə bir qrup Tehran sakini Rusiya səfirliyinə hücum edib. Nəticədə missiyanın bütün əməkdaşları və səfir Aleksandr Qriboyedov həlak olub. Mənbələrin bildirdiyinə görə, tanınmaz vəziyyətə düşmüş diplomatın cəsədini yalnız səfirlik formasının qalıqları və dueldə aldığı köhnə yara ilə tanımaq mümkün olub.

Bundan başqa, ABŞ-ın İrandakı səfirliyinə hücumu xatırlamamaq mümkün deyil. Belə ki, 1979-cu il noyabrın 4-də iranlı tələbələr “Amerikaya ölüm!”, “Şahı bizə verin!” şüarları ilə ABŞ-ın Tehrandakı səfirliyinə basqın ediblər. Onlar 66 nəfəri girov götürüblər, 13 nəfər isə sonradan azad edilib. Lakin səfirlik əməkdaşlarının əksəriyyəti 444 gün girov saxlanılıb.

İrandakı diplomatik nümayəndəliklərə qarşı oxşar hücumlar XXI əsrdə də davam edir. Məsələn, 2016-cı ildə Tehranda bir qrup şəxs Səudiyyə Ərəbistanı səfirliyinin ərazisinə soxularaq diplomatik nümayəndəliyin binasına daş və “molotov kokteyli” ataraq orada yanğın törədib.

Beləliklə, İranda diplomatik missiyalara hücumlarla bağlı bu tarixi hadisələrə nəzər yetirən zaman belə bir sual yaranır: bu gün Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumun arxasında “ailə problemlərinə görə bunu edən bir nəfər”, yoxsa son üç ildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədən molla rejimi dayanır?

Son xəbərlər

Orphus sistemi