Martın 1-dən 4-dək Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu maraqlı açıqlamalarla yadda qaldı. Forum Cənubi Qafqaz regionu üçün də əlamətdar idi. Belə ki, Azərbaycan, Türkiyə və Ermənistan rəsmilərinin regionla bağlı dediklərinin təhlili bu bölgədə baş verən siyasi proseslərin inkişafı baxımından vacibdir.
Öncə onu deyək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, Ermənistanla başlanan normallaşma prosesi davam edəcək. O, Ankaranın bu prosesi rəsmi Bakı ilə paralel davam etdirəcəyini diqqətə çatdırıb.
Məlum olduğu kimi, son illərə kimi, Ankara ilə İrəvan arasında diplomatik münasibətlərdə yaşanan durğunluğun əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması idi. Amma Azərbaycan 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, İrəvanla Bakı və Ankara arasında münasibətlərin normallaşmasına mane olan əsas problem qaldırıldı, konstruktiv mərhələnin əsası qoyuldu.
Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Bakı ilə İrəvan arasındakı əlaqələrin inkişafını əsas götürür. R.T.Ərdoğan bunu bir daha xatırlatdı. Onun dediklərindən belə qənaətə gəlmək olar ki, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi ərazi iddiaları, həmçinin hərbi-siyasi təxribatlar Türkiyə ilə münasibətlərin normallaşmasına da əngəl yaradır. Rəsmi İrəvan bilməlidir ki, Bakı ilə sülh sazişi imzalanmadan Ankara ilə münasibətlər tam normallaşmayacaq. Normallaşma isə İrəvanın Cənubi Qafqazdakı mövcudluğuna, regional təhlükəsizliyinə töhfə verəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Forumun açılış mərasimində Cənubi Qafqazdakı vəziyyət barədə danışdı. O bildirdi ki, bu gün əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Türkiyənin baş diplomatının bu açıqlaması, habelə rusiyalı həmkarı Sergey Lavrov, ermənistanlı həmkarı Ararat Mirzoyanla Cənubi Qafqazı müzakirə etməsi bir daha onu deməyə əsas verir ki, Ankarada regionda baş verən hadisələrin iştirakçısı olmaqla yanaşı, həm də Cənubi Qafqazdakı sülh və sabitlikdə maraqlıdır.
Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Forum çərçivəsində “CNN Türk”ə müsahibəsində dedi ki, Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmağa tam hazırdır. O bildirdi ki, Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazırdır: "Bu barədə qərar artıq qəbul olunub. Hazırda Türkiyənin bu istiqamətdə hərəkətə keçməsini gözləyirik. Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa da tam hazırdır. Bu, bütün regionun xeyrinə olacaq. Bizim üçün münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur”.
Doğrudur, Türkiyə də bu prosesdə maraqlıdır. Amma dediyimiz kimi, nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın maraqlarını görməzdən gəldikcə Türkiyə ilə münasibətləri tam normallaşdıra bilməyəcək. Bu mənada, R.Rubinyanın “münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur” fikirləri qeyri-dəqiqdir. Çünki əsas əngəl məhz Ermənistanın Azərbaycana qarşı davam edən destruktiv mövqeyidir.
R.Rubinyan müsahibəsində Azərbaycanla əlaqələr barədə də danışdı. Onun sözlərinə görə, İrəvanla Bakı arasında sülhə ən qısa vaxtda nail olmaq mümkündür.
O bildirdi ki, əsas məsələlərdən biri dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenlik əsasında kommunikasiya xətlərinin açılmasıdır: “Sülhə ən qısa vaxtda nail ola bilərik. Ermənistan siyasi iradəyə sahibdir. Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.
Diplomat qeyd etdi ki, Ermənistan sülh üçün əlindən gələni edir: "Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər".
Erməni diplomatın bu açıqlaması öz-özlüyündə müsbət qiymətləndirilməli mesajdır. Amma Ermənistan əvvəllər də oxşar açıqlamalar verib. Lakin İrəvan sözdə dediklərini əməldə təsdiqləyə bilmir. İkinci bir tərəfdən, xüsusi nümayəndənin Ermənistanın siyasi iradəyə sahib olması barədə dedikləri sadəcə iddiadır. Çünki Ermənistan faktiki olaraq kənar güclərin təsiri altındadır. Əgər belə olmasaydı, İrəvan çoxdan Bakı ilə sülh sazişi imzalayar, Rusiya ilə Qərb arasında “ingilis bayrağı” kimi əsməzdi.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Forum çərçivəsində ayrı-ayrı həmkarları ilə bu mövzuda dedikləri məsələnin təhlili baxımından “açar” rolunu oynayır. Belə ki, C.Bayramov ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşü ilə əlaqədər özünün “X” hesabında yazmışdı ki, Ermənistan Azərbaycanla sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir. İrəvan faktiki olaraq destruktiv mövqeyindən əl çəkmir, sülh prosesinin reallaşmamasına görə Azərbaycanı ittiham edir. Nəticədə sülh prosesinə zərbə deyir.
C.Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdə isə bildirmişdi ki, Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Bu gün Fransa, Hindistan Ermənistanı sürətlə silahlandırır. Xüsusilə, rəsmi Parislə İrəvan arasında hərbi əməkdaşlıq istiqamətində fundamental addımlar atılır. Fərqli regionlarda, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə dağıdıcılıq xarakterli fəaliyyətlə məşğul olan Qərb Ermənistanı nəyə hazırlaşdırır? Və İrəvan niyə Paris kimi aktorlara boyun əyir? Hər iki sualın cavabı Ermənistanın regional sülh üçün səmimi addımlar atmağa hazır olmadığını göstərir.
Əslində, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi nəticəsində regional sülh üçün unikal fürsət yaranıb. İndi sülh heç vaxt olmadığı qədər yaxındır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Forumla bağlı “X” hesabındakı paylaşımında yazmışdı ki, Cənubi Qafqazda de-fakto sülh var. Bunu rəsmi Bakı özünün hərbi-diplomatik səyləri ilə təmin edib. İndi lazım olan mövcud şəraiti qorumaq, daha da irəli getməkdir. Bunun üçün Ermənistan ciddi addımlar atmalı, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Ermənistan qanunvericiliyinə dəyişiklik, həmçinin minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycana verilməsi də sülh məsələsində mühüm rol oynayar.
Nəticə etibarilə Türkiyədə Cənubi Qafqazdakı mövcud vəziyyət rəsmi səviyyədə bir daha təhlil edildi. İndi Ermənistan səslənən bəyanatlardan, görüşlərdə deyilənlərdən dərs çıxarmalıdır.