Bakı. 7 noyabr. REPORT.AZ/ "ABŞ-da prezident seçkilərində Hillari Klintonun qələbə qazanacağı təqdirdə bu ölkənin Qafqaz regionu üzrə siyasəti yenə də məsafədən idarəolunma kimi olacaq".
Bunu "Report"a açıqlamasında amerikalı ekspert Piter Teys ABŞ-da qarşıdan gələn prezident seçkilərini şərh edərkən deyib.
Onun sözlərinə görə, H.Klintonun prezident seçilməsi halında ABŞ Dövlət Departamenti onun keçmiş işçilərindən ibarət olacaq və onlar da əvvəlki zəif xarici siyasəti davam etdirəcəklər.
"Donald Tramp uğurlu və ədalətli iş adamıdır, minlərlə iş yeri yaradıb. Trampın xarici siyasət üzrə müşaviri olsaydım, ona Ermənistan hökumətinə təzyiq edərək Naxçıvanın blokadada saxlanılmasına son qoyulmasını və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistan qoşunlarının çıxardılmasını tələb etməyi məsləhət görərdim", - deyə o bildirib.
Eyni zamanda, P.Teys seçkilərin nəticələrini proqnozlaşdırmağın çətin olduğunu qeyd edib. O, H.Klintonun siyasətdə 30 illik təcrübəsinin olduğunu, amma müxtəlif qalmaqallarda adının hallandığını, əvəzində D.Trampın daha əvvəl siyasətlə məşğul olmadığını vurğulayıb.
"D.Tramp müsbət prezident olmaq potensialına malikdir və o, Rusiya, Yaxın Şərq və NATO ilə bağlı fəal və praqmatik siyasətini davam etdirəcək. D.Tramp orta təbəqəyə yönəlmiş siyasət həyata keçirəcək və vergiləri azaldacaq. O, prezident Ronald Reyqan kimi, ABŞ iqtisadiyyatını gücləndirəcək və daha çox iş yeri yaradacaq", - deyə P.Teys deyib.