Amerikalı ekspert: "Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə təcrübə qazanır" - RƏY

Amerikalı ekspert: "Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə təcrübə qazanır" - RƏY "Dünyada münaqişələrin sayının çoxalması fonunda sülhməramlı missiyaların əhəmiyyəti artır"
Analitika
14 Noyabr , 2017 09:59
Amerikalı ekspert: Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə təcrübə qazanır - RƏY

Bakı. 13 noyabr. REPORT.AZ/ "Azərbaycanın Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməsi və onlara dəstək verməsi ölkəyə dəyərsiz təcrübə qazandırır".

Bunu "Report"a amerikalı ekspert Bryus Panyer (Bruce Pannier) deyib.

Qeyd edək ki, Azərbaycan Əfqanıstanda beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində səylərdə 2002-ci ildən iştirak edir.

Analitik hesab edir ki, Azərbaycanın bu ölkədəki hərbi kontingenti çoxsaylı olmasa da, beynəlxalq təşəbbüsdə iştirak böyük əhəmiyyət daşıyır.

B.Panyerin fikrincə, sülhməramlı səylər rəsmi Bakıya Əfqanıstana hərbçilər göndərən ölkələrlə, o cümlədən NATO ölkələri ilə əlaqələrin qurulmasında kömək edir.

"Azərbaycanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığını nəzərə alsaq, Azərbaycanın ordusu məhz Əfqanıstanda beynəlxalq kontingentin hissəsi kimi, bəzən hətta döyüş şəraitində təcrübə qazanacaq" - analitik bildirib.

Onun fikrincə, dünyada münaqişələrin sayının çoxalması fonunda sülhməramlı missiyaların əhəmiyyəti artır və bu baxımdan Azərbaycanın belə təcrübə əldə etməsi xüsusi əhəmiyyət və aktuallığa malikdir.

"Əfqanıstanın isə, öz növbəsində, istənilən dost yardımına ehtiyacı var və Azərbaycanın bu ölkədə təhlükəsizliyin gücləndirilməsi səylərində iştirak etməsi tərəflər arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verir. Azərbaycanın və Əfqanıstanın müsəlman ölkəsi olması bu amili xüsusilə vacib edir", - B.Panyer deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Əfqanıstanda vəziyyət daha da pisləşib və sülh perspektivləri bu gün çox uzaq görünür.

"Heç kim İraqdakı fiaskonu təkrar yaşamaq istəmir. Buna görə də təhlükəsizlik məsələsinin belə qeyri-müəyyən olaraq qaldığı zamanda xarici qüvvələrin Əfqanıstanı tərk edəcəyi inandırıcı deyil", - B.Panyer söyləyib.

Qeyd edək ki, Əfqanıstana yardım məqsədi ilə 30 noyabr - 1 dekabr tarixlərində Bakıda "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsünün 7-ci Nazirlər Şurası keçiriləcək. Nazirlər konfransından əvvəl noyabrın 30-da prosesin yüksək səviyyəli rəsmi şəxslərinin iclası keçiriləcək. Azərbaycan Əfqanıstan ilə birlikdə bu beynəlxalq platformanın həmsədridir.

Son xəbərlər

Orphus sistemi