Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və ayrı-ayrı siyasi dairələrin reaksiyası təəssüf doğurmaqla yanaşı, qəbuledilməzdir.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
O qeyd edib ki, çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən gedir.
"Xarici diplomatların Azərbaycanın ərazisində səfəri heç bir halda Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz", - deputat deyib.
O bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı təzyiq və linç xarakterli kampaniyaların aparılması siyasi mədəniyyət baxımından da qəbuledilməzdir:
S. Salmanovanın fikrincə, əslində, bu cür reaksiyalar Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişə reallıqlarının tam aradan qalxmadığını göstərir:
"Sülh yalnız sənədlərin imzalanması ilə deyil, eyni zamanda siyasi düşüncənin, ictimai yanaşmaların və qarşılıqlı münasibətlərin dəyişməsi ilə mümkündür. Əgər bir tərəfdən sülhdən, normallaşmadan və regional əməkdaşlıqdan danışılırsa, digər tərəfdən Azərbaycanın suveren ərazisinə edilən diplomatik səfərlərə qarşı kampaniya aparılırsa, bu, ciddi ziddiyyət yaradır".
Deputat qeyd edib ki, Ermənistan daxilində revanşist meyllərin hələ də özünü göstərməsi təəssüf doğurur:
"Son günlər yayılan bəzi məlumatlar və aparılan informasiya kampaniyaları göstərir ki, bu prosesdə hakimiyyətə yaxın siyasi və media resurslarının da fəallığı müşahidə olunur. Bu isə məsələnin yalnız ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyi olmadığını düşünməyə əsas verir".
Milli Məclisin üzvü vurğulayıb ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkir.
"Ermənistan parlamentinin rəhbərinin Azərbaycanın daxili məsələləri ilə bağlı açıqlamalar verməsi yolverilməzdir. Ermənistanın siyasi institutlarının Azərbaycan ərazisində baş verən proseslərə münasibət bildirməsi, xüsusilə də ölkəmizin suveren ərazisində həyata keçirilən diplomatik səfərləri müzakirə predmetinə çevirməsi iki ölkə arasında sülh prosesinin ruhuna uyğun gəlmir".
Qeyd edək ki, sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunan xarici diplomatların işğaldan azad olunan ərazilərə səfəri baş tutub. Bununla bağlı Ermənistan mətbuatında və sosial şəbəkələrində özündə etirazları əks etdirən paylaşımlar edilib.