Boçorişvili: 2026-cı il Gürcüstan və Azərbaycan münasibətləri üçün məhsuldar olub

Bu il Azərbaycan-Gürcüstan münasibətləri üçün kifayət qədər zəngin və məhsuldar olub.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O xatırladıb ki, Azərbaycan Prezidenti apreldə Gürcüstana səfər edib, Gürcüstanın Baş naziri isə mayda Bakıya səfər edib.

Onun sözlərinə görə, bu cür səfərlər və aparılan danışıqlar Gürcüstan-Azərbaycan münasibətlərini gücləndirir:

"Bu ilin sonunda dost Azərbaycana rəsmi səfər etmək mənim üçün çox xoşdur. Ölkələrimiz arasında strateji əməkdaşlıq gündəliyini yenidən müzakirə etmək imkanına görə şadam. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüm. Baş nazir Əli Əsədovla da görüş nəzərdə tutulub. Bundan əlavə, mən hörmətli həmkarım və dostumla (XİN başçısı Ceyhun Bayramov - red.) görüşdüm".

XİN rəhbəri vurğulayıb ki, bu il Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq olduqca zəngin olub və bu, ölkələrimiz arasındakı strateji əməkdaşlıq üçün vacibdir: "İl ərzində müxtəlif formatlarda görüşmək və ölkələrimizdə, eləcə də regionda baş verənləri müzakirə etmək üçün çoxlu imkanlarımız oldu. İndiki rəsmi səfər xüsusi əhəmiyyət kəsb edir, çünki ikitərəfli siyasi gündəlik zəngindir və müntəzəm məlumat mübadiləsini, həmçinin yeni ideyalar üzərində işləməyi tələb edir".

M.Boçorişvili əlavə edib ki, 2026-cı ildə altıillik fasilədən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı reysləri bərpa olunub: "Bu, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və xalqlarımız arasında təmasların genişləndirilməsi istiqamətində mühüm addımdır. Digər mühüm hadisə isə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatması olub. Bu layihə hər üç ölkə və bütövlükdə region üçün vacibdir, çünki nəqliyyat əlaqələrini gücləndirir. Ölkələrimiz üçün xüsusilə vacibdir ki, bu, nəqliyyat potensialını artırmağa imkan verir".

Onun sözlərinə görə, bu il tərəflər energetika sahəsində mühüm razılaşmalar əldə ediblər. "Onlar (razılaşmalar - red.) əməkdaşlığımızı dərinləşdirir və regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yeni imkanlar açır. Biz ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafında yaxşı nəticələr əldə etmişik. Bununla yanaşı, potensialımız xeyli yüksəkdir. Biz ticarət-iqtisadi əlaqələrin daha da gücləndirilməsindən və ölkələrimizin mövcud imkanlardan tam istifadə etməsindən məmnun olarıq", - Gürcüstan XİN rəhbəri vurğulayıb.

Digər xəbərlər