Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial rifahı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
"Report" xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan şəxslərin hüquqları üzrə Dəyirmi Masa"da deyib.
O qeyd edib ki, Azərbaycan regionda ilk dəfə tam elektron əlillik sistemi tətbiq edib:
"Azərbaycan 2008-ci ildə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına qoşulduqdan sonra milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və tibbi yanaşmadan sosial modelə keçid istiqamətində mühüm islahatlar həyata keçirib".
E.Ansarinin sözlərinə görə, Azərbaycanda 2018-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun qəbul edilməsi bərabər hüquqların, reabilitasiya, məşğulluq imkanları və sosial inklüzivliyin təmin olunması üçün güclü hüquqi baza yaradıb.