Bakıda Gələcəyin Peşələr Sammitində süni intellekt və insan kapitalı müzakirə olunub

Bakıda təşkil olunan Gələcəyin Peşələr Sammitində "Süni intellekt dövründə insan kapitalının yeni reallığı", "Qlobal dəyişikliklərdən fərdi bacarıqlara" və "Dəyişiklikdən rəqabət üstünlüyünə" mövzuları ətrafında panel müzakirələri baş tutub.

"Report" xəbər verir ki, Kadir Has Universitetinin Karyera Ofisinin rəhbəri Umur Çalıkoğlu şagirdlərin siniflərdə əldə etdikləri bilikləri peşə fəaliyyətində tətbiq etməkdə çətinliklərlə üzləşdiklərini qeyd edib:

"Şagirdlər yalnız imtahanlarla kifayətlənməməli, müxtəlif layihələr vasitəsilə biliklərini daim təzələməlidirlər. Bu halda həm mənimsədikləri məlumatlar yaddaşda daha davamlı qalacaq, həm də fərqli baxış bucaqlarından yanaşma qabiliyyəti formalaşacaq. Statistik məlumatlara əsasən, şagirdlərin mənimsədiklərinin 72 faizi onların gələcək karyerasına heç bir təsir göstərmir. Başqa sözlə, bu biliklər onların akademik və ya peşə həyatında kifayət qədər səthi olaraq qalır. Məhz buna görə təhsil sistemində əsaslı islahatların aparılmasına ciddi ehtiyac mövcuddur".

Böyük Britaniyanın Middlesex Universitetinin Kompüter elmləri departamentində İnformasiya sistemləri və biznes hesablamaları üzrə professor və proqramlar direktoru Corc Dafoulas (Dr. Georgios A. Dafoulas) gələcəkdə iş saatlarının 30 %-nə süni intellektin təsir göstərəcəyini bildirib:

"Bu o deməkdir ki, vaxtımızın həmin 30 %-i ərzində başqa fəaliyyətlə məşğul olmalıyıq. Bəs süni intellektlə nə baş verəcək? Biz görə bilərik ki, daha çox yeni iş yerləri yaranacaq. İctimai sektor bu təsirə ən çox məruz qalacaq sahə olacaq".

Tədbir müzakirələrlə davam edib.

Digər xəbərlər