Rəşad Mustafayev: Azərbaycanda son on ayda 164 mindən çox şəxs işlə təmin edilib

Azərbaycanda son on ay ərzində 164 mindən çox şəxs işlə təmin edilib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Milli Məşğulluq Forumu"nda deyib.

O, çıxışında əmək bazarında hər dəyişikliyin həyat imkanlarına təsir etdiyini vurğulayıb.

Nazir müavini bildirib ki, texnologiya yeni imkanlar yaratsa da, bu imkanları reallığa çevirən isə insanın təşəbbüsüdür:

"Əmək bazarında dəyişiklik gündəlik həyatda öz təsirini göstərməyə başlayıb. Bu proses hər bir ölkədə insan kapitalını bu istiqamətə uyğunlaşdırmaq məsuliyyəti qoyur. Araşdırmalar göstərir ki, dünyada hər 4 iş yerindən biri süni intellektin təsirinə məruz qala bilər".

O qeyd edib ki, dünya İqtisadi Forumunun proqnozuna əsasən, 2030-cu ilə qədər işçilərin mövcud bacarıqlarının orta hesabla 39%-i dəyişəcək və ya köhnələcək.

R. Mustafayev əlavə edib ki, Azərbaycanda insan kapitalının inkişafı mühüm yer tutur:

"Məşğulluq siyasəti də buna xidmət edir. Qarşımızda əmək bazarına uyğun məşğulluğun inkişafı, daha çevik xidmətlərin qurulması imkanları dayanır".

Nazir müavini həmçinin qeyd edib ki, cari il ərzində 6600 dən çox şəxs özünəməşğulluq proqramına cəlb olunub.

R.Mustafayev regionların potensialına uyğun iş yerlərinin yaradılması, formal əmək münasibətlərinin genişləndirilməsi və layiqli əmək şəraitinin təşviqinin prioritetlərdən biri oldğunu bildirib:

"​Bu baxımdan, Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlər xüsusi əhəmiyyət daşıyır. ​Doğma yurdlarına qayıdan sakinlərin işlə təmin olunması və sahibkarlığın cəlb edilməsi həm əhalinin rifahının yüksəldilməsinə, həm də həmin ərazilərdə iqtisadi həyatın canlanmasına və məşğulluğun dayanıqlığına xidmət edir".

Digər xəbərlər