Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, eyni zamanda, onların müasir idman protezləri ilə təminatı da həyata keçirilir. Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu reabilitasiya vasitələri istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilmək imkanı yaradır.
"Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı aparılan sosial dəstək işlərinin bir istiqaməti də onların yüksək texnologiyalı, son nəsil protezlərlə təmin olunmasıdır", - məlumatda vurğulanıb.