Ölkə üzrə 2 470 şagirdin yalnız 27%-nin seçdiyi peşə ilə mövcud bacarıqları üst-üstə düşüb.
"Report" xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli "Peşə Təhsili Forumu" çərçivəsində keçirilən "Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı" panel sessiyasında çıxışı zamanı deyib.
O, ölkədə gənclərin hansı ixtisası seçməli olduqlarını araşdırmaq üçün sorğunun keçirildiyini bildirib:
"2470 şagirdi əhatə edən sorğunun nəticələri əsasında onların hansı peşələrə meyil göstərdikləri və gələcəkdə hansı ixtisasları seçmək istədikləri təhlil olunub. Sorğuda iştirak edən şagirdlərin yalnız 27 faizinin seçdiyi peşə ilə mövcud bacarıqları üst-üstə düşüb. Bu isə o deməkdir ki, hər dörd şagirddən təxminən biri öz bacarıqlarına uyğun peşə seçimi edir".
E.Səfərli qeyd edib ki, bununla bağlı müxtəlif peşə istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir:
"Eyni zamanda, şagirdlərin bacarıqlarının müəyyənləşdirilməsi və onların həmin bacarıqlara uyğun peşələrə yönləndirilməsi istiqamətində sistemli iş aparılmalıdır".