Azərbaycanda cari ildə peşə təhsili alanların sayı 40 min nəfərə çatıb.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli "Peşə Təhsili Forumu 2026"dakı çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci ildə peşə təhsili alanların sayı 27 min nəfər idisə, cari ildə bu göstərici 40 minə çatıb:
"Yüksək texniki peşə təhsili üzrə təhsil alanların sayı 8 min nəfər təşkil edirdisə, bu göstəricinin 10 minə çatdırılması nəzərdə tutulur. Dual peşə təhsili də diqqət yetirilən vacib istiqamətlərdən biridir. 2025-ci ildə 1700 nəfər dual peşə təhsili proqramları üzrə təhsil alıb".
Aparat rəhbəri cari ildə 274 yeni müəllimin işə qəbul edildiyini vurğulayıb:
"Eyni zamanda, təhsil proqramlarının yenilənməsi istiqamətində işlər aparılır və 17 yeni təhsil proqramı hazırlanıb. Biz çalışmalıyıq ki, peşə təhsilinin cəmiyyətdə nüfuzunu artıraq. Bu məqsədlə artıq ümumtəhsil məktəblərinin aşağı siniflərindən başlayaraq şagirdlərə peşə təhsilinin əhəmiyyətini aşılamağa çalışırıq".
M.Kərimli əlavə edib ki, peşə təhsili infrastrukturunun genişləndirilməsi məqsədilə 21 yeni təhsil müəssisəsinin tikintisi, 2 müəssisənin isə təmiri nəzərdə tutulur.