Azərbaycanda 2028-ci ilədək 500 süni intellekt mühəndisinin hazırlanması planlaşdırılır

Azərbaycanda 2028-ci ilə qədər 500 süni intellekt mühəndisinin hazırlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2025-2028-ci illəri əhatə edən Milli Süni İntellekt Strategiyasında insan kapitalının inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib:

"2028-ci ilədək strategiya çərçivəsində bir sıra konkret hədəflərin reallaşdırılması nəzərdə tutulur. Belə ki, həmin müddətədək 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması və dövlət qurumlarından 500 nəfərin "Menecerlər üçün Süni İntellekt" təlimini tamamlaması planlaşdırılır".

C.Salmanov əlavə edib ki, bununla yanaşı, interaktiv tədris platformasının istifadəçilərinin sayının 10 000-ə çatdırılması və pilot dövlət xidmətində təbii dil emalının (NLP) tətbiqi üzrə 5 layihənin həyata keçirilməsi hədəflənir:

"Strategiyada elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsinə də xüsusi diqqət ayrılıb. Bu çərçivədə ən azı 10 maliyyələşdirilən tədqiqat layihəsinin həyata keçirilməsi, ən azı 20 konfrans, seminar və hakatonun təşkili nəzərdə tutulur. Eyni zamanda, güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayının ən azı 50-yə çatdırılması, 3 pilot layihənin reallaşdırılması və 3 milli süni intellekt standartının hazırlanması planlaşdırılır".

Digər xəbərlər