Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında əmək müqavilələrinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 59 min artım müşahidə olunub.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dövlət-biznes əməkdaşlığı forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illər ərzində sosial sahədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan genişmiqyaslı islahatlar və tətbiq edilən sosial zərflər əhalinin rifah səviyyəsinin yüksəlməsinə, həmçinin bu istiqamətdə icra olunan proqramların genişləndirilməsinə təkan verib:
"Eyni zamanda milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının yüksəldilməsi üçün 1 800-dən artıq peşə və kvalifikasiya standartı hazırlanaraq bu sahədə maraqlı tərəflərin, o cümlədən işəgötürənlərin istifadəsinə təqdim edilib. Ötən dövr ərzində illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına yönləndirilənlərin sayı 4,1 dəfə, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına qoşulanların sayı isə 3,5 dəfə yüksəlib".
Nazir deyib ki, il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 500 minə yaxın işsiz və ya işaxtaran vətəndaşla aktiv məşğulluq tədbirləri çərçivəsində iş aparılır:
"Gələn il də bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfərə çatacaq, bu məqsədlə ayrılan vəsaitin həcmi isə 10 dəfədən çox artaraq 36 milyon manat təşkil edəcək. Eyni zamanda, sığorta ödənişinin orta məbləği 2 dəfə artaraq 480 manata yüksəlib".