Bakıda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışçılar günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıblar.
K.Mabuçi vurğulayıb ki, qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri olaraq qalmaqdadır:
"Bu dövrdə bizi birləşdirən universal dəyərlərə daha güclü şəkildə sadiq qalmalıyıq. Ümumi bəşəriyyətimizi qorumaq hər birimizin məsuliyyətidir. Buna görə də bu ilin əsas çağırışı insan hüquqları, həyatımızın fundamental dəyərləri və cəmiyyətin rifahı kimi vacib mövzulara diqqəti artırmaq olmalıdır".
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi baxımından önəmi, ölkədə bu istiqamətdə həyata keçirilən kompleks islahatlar barədə məlumat verib.
O, bəyannamədə təsbit olunmuş hüquq və azadlıqların bir çox dünya dövlətlərinin konstitusiyalarında, o cümlədən Konstitusiyada təsbit olunduğunu, milli qanunvericiliyin məhz bu prinsiplər əsasında formalaşdığını qeyd edib.
Son illər ərzində dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartların Bəyannamədə və digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların təmin olunmasında və müdafiəsində çətinliklər yaratdığı bildirilib.
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.
Tədbirdə, həmçinin Ombudsman tərəfindən "Konstitusiya və Suverenlik medianın gözü ilə" və "Konstitusiya və Suverenlik uşaqların gözü ilə" mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.