Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya"nın növbəti iclası keçirilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda 2026-cı il üzrə təsdiq edilmiş əmək miqrasiyası kvotasının icra vəziyyəti və 2027-ci il üçün əmək miqrasiyası kvotasına dair hazırlanmış təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib.
Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edildiyini, o cümlədən əmək bazarında müsbət dinamikanın mövcud olduğunu və yeni inkişaf istiqamətlərinin formalaşdığını vurğulayıb.
Bildirilib ki, 2027-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanarkən iqtisadiyyatın müxtəlif sahələrində müşahidə olunan inkişaf tendensiyaları, o cümlədən icra edilən dövlət proqram və strategiyaları, işəgötürənlərin müasir peşə və ixtisaslara yiyələnmiş kadrlara tələbatı, demoqrafik proseslərin əmək bazarına təsiri, mövcud əmək ehtiyatları, təhsilini başa vuraraq əmək bazarına daxil olan ixtisaslı mütəxəssislərin sayı və potensialı nəzərə alınıb.
Habelə əmək bazarının cari vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar da təhlil edilib. Ölkədə ixtisaslı yerli kadr potensialının ilbəil genişlənməsi, mövcud işçi qüvvəsinin peşə bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən tədbirlərlə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrində ixtisaslı xarici işçi qüvvəsinə olan ehtiyacın da nəzərə alınmasının vacibliyi qeyd olunub.
Müzakirələrin nəticəsi olaraq, 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təklifləri əks etdirən layihənin baxılması üçün Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.