Avropa nümayəndələrinin Ukrayna üzrə danışıqlarda iştirakı məsələsini yalnız onlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz istək və təklifləri barədə aydın şəkildə bildirdikdən sonra qaldırmaq mümkün olacaq.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Avropalıların konkret olaraq nə istədikləri və Ukraynada nizamlanma prosesinin uğurla nəticələnməsi üçün hansı konstruktiv və məzmunlu təkliflər verə biləcəkləri barədə dəqiq siqnallar aldıqdan sonra, yəqin ki, onların danışıqlarda iştirakı məsələsi gündəmə gələcək", - Uşakov deyib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı üçtərəfli danışıqlar formatının genişləndirilməsi Moskva ilə razılaşdırılmayıb. O qeyd edib ki, növbəti raundda Rusiya, Ukrayna və ABŞ-nin iştirakı planlaşdırılır.
"Bilirsiniz ki, hazırda söhbət üçtərəfli formatda növbəti raundun keçirilməsindən gedir. Bu danışıqlar bir neçə gün əvvəl Əbu-Dabidə bərpa olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib, lakin tarix hələ razılaşdırılmayıb", - diplomat qeyd edib.