Marneulidə azərbaycanlıların kompakt yaşadığı kənddə arxeoloji tədqiqatlar aparılır

Gürcüstanın Marneuli bələdiyyəsinin soydaşlarımızın kompakt yaşadığı İkinci Kesalo (Keşəli) kəndinin ərazisində V-VI əsrlərə aid olduğu ehtimal edilən arxeoloji kompleksdə tədqiqat işləri aparılır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin maliyyə dəstəyi ilə Milli Muzey tərəfindən aparılan araşdırmalar zamanı genişmiqyaslı memarlıq kompleksinin bir hissəsi müəyyən edilib.

İlkin ehtimallara görə, kompleks yerli hökmdara və ya zadəgana məxsus saray olub.

Arxeoloji ərazi 2020-ci ildə qeydə alınıb. Kompleksin əhəmiyyətli hissəsi 2023-2025-ci illərdə tədqiq edilib. 2026-cı ildə isə kompleksin qərb və şimal hissələrində yeni sahələrin arxeoloji araşdırılması həyata keçirilir.

Tədqiqatlar çərçivəsində zalların açılmış divarları, kafel təbəqələri və döşəmələri təmizlənir. Həmçinin qazıntı sahəsinin bərpası və tikili qalıqlarının daha çox zədələnməsinin qarşısını almaq üçün qoruyucu təbəqə ilə örtülməsi nəzərdə tutulur.

İkinci Kesalo ( Keşəli ) Arxeoloji Kompleksinin öyrənilməsi Kvemo Kartlinin tarixi keçmişinin və erkən orta əsrlərə aid memarlıq irsinin araşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Kompleksin bir hissəsi təbii proseslər nəticəsində zədələndiyindən onun qorunması və tədqiqatların davam etdirilməsi vacib hesab olunur.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 15 noyabr, 2026 / 07:09