ABŞ rəsmiləri iddia edirlər ki, İranla müharibəni Amerika yox, 1979-cu ildə İslam İnqilabı başladıb.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"İranla bağlı ABŞ rəsmilərinin məsuliyyətdən yayınmaq məqsədilə irəli sürdükləri yeni, aldadıcı narrativ belədir: İranla müharibəni Amerika başlamayıb, bu müharibəni 1979-cu il İran İslam İnqilabı başladıb!" – o bildirib.
Bəqai xatırladıb ki, ABŞ danışıqların davam etdiyi doqquz ay ərzində İrana qarşı iki dəfə hərbi əməliyyatlar həyata keçirib:
"Onlar İranın Ali Rəhbərini (Əli Xamenei) və yüksək vəzifəli rəsmilərini qətlə yetirib, qadın, uşaqlarımızın ölümünə, yaralanmasına səbəb olub, həyati əhəmiyyətli infrastrukturumuzu dağıdıblar.
ABŞ administrasiyası hərbi və siyasi dalana dirəndikdən sonra indi həm müharibəyə başlamaq məsuliyyətini inkar etməyə, həm də qələbə narrativi yaratmaqla qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsini gizlətməyə çalışır".
Onun sözlərinə görə, ABŞ münaqişənin yaranması kimi 1979-cu il yox, 1953-cü ili xatırlamalıdır.
Xatırladaq ki, 1953-cü ilin avqustunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Böyük Britaniya kəşfiyyatının (MI6) birgə dəstəyi ilə İranda həyata keçirilmiş dövlət çevrilişi ("Ayaks" əməliyyatı) baş naziri Məhəmməd Müsəddiqin hakimiyyətdən devrilməsi ilə nəticələnib. Bu əməliyyat nəticəsində Şah Məhəmməd Rza Pəhləvinin mütləq hakimiyyəti bərpa olunub.