İran qonşu ölkələrdən turist axınını artırmaq üçün sərhəd bölgələrinin imkanlarından istifadə etməlidir.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Mədəni İrs Nazirliyinin iclasında jurnalistlərə bildirib.
A. Əraqçi ölkənin turizm potensialının genişləndirilməsi, qonşu ölkələrdən turistlərin cəlb edilməsi və turizm marşrutlarının Məşhəddən kənara genişləndirilməsinin vacibliyini vurğulayıb.
Əraqçi bildirib ki, iraqlı turistlərin İsfahan və İranın şimal bölgələrinə marağı artır. Onların şəxsi avtomobillərlə ölkəyə səfərlərinin asanlaşdırılması turizmdən əldə olunan gəlirlərin müxtəlif vilayətlər arasında daha balanslı bölüşdürülməsinə şərait yarada bilər.
O, turizm, mədəni irs və sənətkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə, viza prosedurlarının asanlaşdırılmasına və İranın mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib.