COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum konfransın beşinci gününün "Maliyyə və ticarət" mövzusu çərçivəsində İLBANK, BMT-Habitat və Dünya Bankının əməkdaşlığı ilə hazırlanmış Dayanıqlı Şəhər Dayanıqlığının Maliyyələşdirilməsi Fəaliyyəti (SURFF) çərçivəsində "COP31 Türkiyə Platforması"nı təqdim edib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, COP31-in prezidenti yerli özünüidarəetmə orqanlarının iqlimə davamlı və ekoloji cəhətdən təmiz şəhərlər yaratmasına maliyyə dəstəyi göstərəcək platformanın əsas məqsədini açıqlayıb:
"COP31 Sədrliyi olaraq arzumuz Antalyada əməkdaşlıqların konkret layihələrə və maliyyələşdirilən təşəbbüslərə çevrilməsi, insanların həyatına təsir edən nəticələrin əldə olunmasıdır. Hədəfimiz Antalyanı qlobal iqlim tətbiqlərinin mərkəzinə çevirməkdir".
O, Asiya İnkişaf Bankı ilə imzalanan 150 milyon avroluq bərpaolunan enerji layihəsinin də bu gün ilk dəfə ictimaiyyətə təqdim edildiyini vurğulayıb.
Türkiyəli nazirin sözlərinə görə, Hatay, Malatya, İstanbulun Bağcılar rayonu, Tokat, Trabzon, Diyarbəkir, Qaziantep və Mardində ümumi gücü 186 meqavat olan günəş və külək elektrik stansiyalarının qurulması planlaşdırılır:
"Bu investisiyalarla təxminən 320 milyon kilovat-saat təmiz enerji istehsal ediləcək. Biz təmiz enerjiyə keçid və elektrikləşmənin təmin olunması üçün çalışırıq".
M.Kurum əlavə edib ki, haqqında danışılan layihə çərçivəsində 120 min ton istixana qazı emissiyasının qarşısı alınacaq:
"Həmçinin təxminən 150 min ev təsərrüfatının elektrik istehlakına bərabər enerji istehsal olunacaq. Bundan əlavə, layihənin ekoloji faydasının təxminən 6 milyon ağacın təsirinə bərabər olacağı və 800 milyon litr suya qənaət ediləcəyi proqnozlaşdırılır".