Qazaxıstan hökuməti və nəzarət orqanları noyabrın 24-də Prezident Kasım-Jomart Tokayevə dövlət şirkətlərində korrupsiya risklərinin azaldılması üzrə konkret təkliflər təqdim etməlidirlər.
"Report" Akordaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Təhlükəsizlik Şurasının operativ müşavirəsində bildirib.
Prezident qeyd edib ki, müxtəlif səviyyəli rəhbərlər tərəfindən yol verilən korrupsiya hüquqpozmaları ilə bağlı bütün siqnallar Baş Prokurorluğun iştirakı ilə Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən operativ şəkildə və diqqətlə yoxlanılacaq.
O, həmçinin vurğulayıb ki, "Samruk-Kazına" Milli Rifah Fondunun və dövlət şirkətlərinin, o cümlədən "Qazaxıstan Dəmir Yolları"nın aparatının işi dayandırılmayıb və ştat rejimində davam edir.
"Lakin bu yolverilməz hadisənin göstərdiyi kimi, korrupsiya riskləri dövlət şirkətlərində Axilles dabanı olaraq qalır", - K.Tokayev vurğulayıb.
Bununla əlaqədar olaraq, o, hökumətə və nəzarət orqanlarına korrupsiya hüquqpozmalarının kəskin şəkildə azaldılması, habelə kvazidövlət sektoru şirkətlərinin və onların aparat əməkdaşlarının işinin keyfiyyətcə yaxşılaşdırılması üzrə təkliflər hazırlamağı tapşırıb.
Xatırladaq ki, noyabrın 11-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları "Samruk-Kazına" fondunun idarə heyətinin sədri Nurlan Jakupovu və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyevi saxlayıblar. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, onlar və digər saxlanılan şəxslər korrupsiyada şübhəli bilinirlər. Bununla belə, ehtimal olunan cinayətin konkret halları, o cümlədən mümkün sxem və fiqurantların hər birinin rolu rəsmi olaraq açıqlanmır.