ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin ikitərəfli görüşünə hazırlıq müzakirə olunur.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Çinin Şenjen şəhərində keçiriləcək APEC sammitində Putin və Trampın görüşünə hazırlıq məsələsi amerikalı nümayəndələr Cared Kuşner və Stiv Uitkoffun bu yaxınlarda Moskvaya səfəri zamanı ilkin olaraq müzakirə edilib.
Uşakovun sözlərinə görə, tərəflər qarşıdan gələn ikitərəfli görüşün təşkilati məsələlərinə ümumi şəkildə toxunublar.
O, həmçinin bildirib ki, Putin noyabrın 18-də Çin lideri Si Cinpinlə görüşü zamanı onu ABŞ tərəfi ilə son təmaslar, Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Əbu-Dabidə keçirilmiş üçtərəfli görüşün yekunları barədə məlumatlandıracaq, eləcə də tərəflər Pekin və Moskva arasında ikitərəfli münasibətləri müzakirə edəcəklər. Uşakov, həmçinin Rusiya liderini Çinə səfəri zamanı müşayiət edəcək Rusiya nümayəndə heyətinin tərkibini də açıqlayıb.
Rusiya nümayəndə heyətinin tərkibinə 3 baş nazirin müavini, 7 nazir, prezident administrasiyasının nümayəndələri və ən böyük şirkət və bankların rəhbərləri daxil olacaq. Bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib. Onların arasında baş nazirin müavinləri Tatyana Qolikova, Anton Siluanov və Dmitri Çernışenko, həmçinin prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, mətbuat katibi Dmitri Peskov, Uşakovun özü və digərləri var.