"Bu il Türkiyədə terror təşkilatlarının 103 üzvü xaricdən qayıdaraq təhlükəsizlik qüvvələrinə təslim olub".
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Türkiyədə 30 terror aktının qarşısı alınıb: "Terrorizm cinayətləri ilə bağlı axtarışda olan 439 nəfər tutulub. 2025-ci ildə terrorizmə qarşı mübarizə səylərinin bir hissəsi olaraq 308 mağara və sığınacağı məhv etdik. Pilotsuz uçuş aparatlarımız və pilotlu kəşfiyyat təyyarələrimiz 44 157 uçuş saatı həyata keçirib. "İnterpol"un qırmızı bülletenləri ilə axtarışda olan yeddi şəxs ölkəmizə ekstradisiya edilib.
Terrorizm cinayətləri ilə axtarışda olan 71 şəxsə "İnterpol"un qırmızı bülletenləri verilib. Terrorizmə qarşı mübarizə səylərinin bir hissəsi olaraq, FETÖ-dən 1602 və İŞİD-dən, eləcə də digər terror təşkilatlarından 746 nəfər olmaqla, ümumilikdə 2578 nəfər həbs edilib".
Yerlikaya bildirib ki, bu ilin ilk 11 ayında narkotik qaçaqmalçılarını hədəf alan əməliyyatlarda 40.346 nəfər həbs olunub və son 2,5 ildə həbs olunanların sayı 96.000-ə çatıb:
"Bundan əlavə, bu ilin ilk 11 ayında narkotiklərlə əlaqəli 120, son 2,5 ildə isə 349 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Təkcə cari il narkotik cinayətlərinə görə axtarışda olan 31 390 nəfər, "İnterpol"un qırmızı bülletenləri ilə axtarılan 51 xarici vətəndaş həbs olunub. Eyni zamanda əməliyyatlar nəticəsində 47 ton narkotik və 130 milyon narkotik həbi müsadirə edilib. Avropa Narkotik Agentliyinin 2025-ci il hesabatına görə, narkotiklə əlaqəli ölüm halları ilə bağlı məlumatları paylaşan 21 ölkə arasında Türkiyə 18-ci yerdədir, yəni ən aşağı göstəriciyə malik dörd ölkədən biriyik. Narkotiklər səbəbindən bir nəfərin belə həyatını itirməsinə dözə bilmərik".