Rıjenkov: Belarus "Şimal–Cənub" dəhlizinə ticarətin inkişafı üçün prioritet marşrutlardan biri kimi baxır

Minsk "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə Asiya ölkələri ilə ticarətin inkişafı üçün prioritet marşrutlardan biri kimi baxır.

"Report" xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov Hindistanın "CNN-News18" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avrasiyada yeni nəqliyyat-logistika marşrutlarının inkişafı Belarusun strateji maraqlarına cavab verir, çünki bu, ölkə məhsullarının ixracı, zəruri malların idxalı və vətəndaşların gediş-gəlişi üçün əlavə imkanlar təmin edir.

"Son vaxtlar qismən Rusiya və Azərbaycan ərazisindən, Xəzər dənizi vasitəsilə, daha sonra isə İran üzərindən Hind okeanı akvatoriyasında yerləşən limanlara keçən "Şimal-Cənub" dəhlizinin inkişafını diqqətlə öyrənirik. Mallarımızın ixracı, Belarus üçün xarici məhsulların alınması, eləcə də vətəndaşlarımızın hərəkəti üçün müxtəlif alternativ dəhlizlərin mövcudluğu respublikanın maraqlarına tam cavab verir", - o qeyd edib.

Rıjenkov vurğulayıb ki, bu marşrut sayəsində Belarus öz mallarının Asiyaya, həmçinin Şərqi və Cənub-Şərqi Afrikaya çatdırılma məsafəsini iki dəfə azalda bilər.

"Biz sadəcə bu prosesi fəal şəkildə izləmirik, həm də bu marşrutlar üçün rezerv etməyə hazır olduğumuz yüklərin konkret nomenklaturasını və həcmini müəyyən edərək tərəfdaşlarımızı stimullaşdırırıq", - nazir bildirib.

Onun sözlərinə görə, Belarus həmçinin İran ərazisində Rusiya tərəfinin də dəstəyi ilə inşa edilən yarımçıq qalmış dəmir yolu hissəsinin tezliklə işə salınmasını gözləyir.

Digər xəbərlər