EBRD Ermənistanın gömrük-sərhəd buraxılış məntəqələrinin təkmilləşdirilməsinə kredit ayıracaq

Ermənistan hökuməti sərhəd-gömrük buraxılış məntəqələrinin modernləşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 19,6 milyon avro məbləğində kredit cəlb etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Layihənin əsas məqsədi buraxılış məntəqələrində sərhəd nəzarəti üçün müasir avadanlıqların alınması və quraşdırılmasının maliyyələşdirilməsində, mövcud infrastrukturun modernləşdirilməsində, eləcə də sərhəd və gömrük idarəetməsi sahəsində potensialın inkişaf etdirilməsi üçün yeni gömrük laboratoriyasının yaradılmasında Ermənistana yardım göstərməkdir.

Kredit iki hissədən ibarətdir: Birinci tranş (avadanlıq) 15,6 milyon avro, ikinci tranş (laboratoriya tədqiqatları) 4 milyon avro (bu, ilkin məbləğdir və texniki-iqtisadi əsaslandırmanın nəticələrinə əsasən müəyyən ediləcək) təşkil edir.

Həmçinin texniki yardım üçün 543 min avro məbləğində qrantın cəlb edilməsi planlaşdırılır.

Proqramın həyata keçirilməsi sərhəd nəzarəti imkanlarını yaxşılaşdırmağa, gömrük xidmətlərinin texniki təchizatını modernləşdirməyə və gömrük prosedurlarının səmərəliliyini artırmağa imkan verəcək.

Digər xəbərlər