Gürcüstan Azərbaycan istiqamətində yol infrastrukturunun inkişafı üçün Asiya İnfrastruktur İnvestisiya Bankından (AİİB) 158,4 milyon avro kredit alacaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Parlamentinin Maliyyə və Büdcə Komitəsi "Gürcüstan və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Kredit Sazişi"ni nəzərdən keçirərək dəstəkləyib.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Saziş "TransXəzər Nəqliyyat Dəhlizi – Gürcüstanın Əlçatanlığı və Nəqliyyatının Təkmilləşdirilməsi Layihəsi" çərçivəsində Kaxeti istiqamətində yol infrastrukturunun inkişafı üçün 158 milyon 424 min 310 avro məbləğində kreditin ayrılmasını nəzərdə tutur.
Maliyyə nazirinin I müavini Giorgi Kakauridzenin sözlərinə görə, kredit 25 il müddətinə, o cümlədən 10 illik güzəşt müddəti ilə veriləcək.
Layihə çərçivəsində Badiauridən Çalaubniyə, Çalaubnidən Bakurtsixeyə, eləcə də Qurcaanidən Telaviyə qədər avtomobil yollarının hissələrinin tikintisi nəzərdə tutulur.
Layihəni Gürcüstanın Yol Departamenti həyata keçirəcək.