Hörmüz boğazında daha bir neft tankeri dəniz minasına çırpılıb və partlayış nəticəsində yanğına məruz qalıb.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Neft tankeri Qeşm adasının sahilləri yaxınlığında hələ də yanmaqdadır", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, bu, gün ərzində minaya düşən üçüncü gəmidir:
"Son iki həftə ərzində gəmilərin dəniz minaları ilə toqquşması sayı görünməmiş səviyyədə olub. Bu bölgədəki hər bir partlayış sübut edir ki, Hörmüz boğazı ABŞ-nin bəyan etdiyi kimi açıq deyil".
Xatırladaq ki, oxşar insidentlərdə İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.